Bilik Fondu "Müstəqil Azərbaycan və qadın” mövzusunda tədbir təşkil etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nizami rayonu 214 nömrəli tam orta məktəbdə Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar "Müstəqil Azərbaycan və qadın” mövzusunda tədbir keçirib.
 
8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Ağayeva xalqın təfəkküründə ana məfhumunun doğma yurd, vətən torpağı ilə təcəssüm olunduğunu deyib.
 
 
Bilik Fondunun baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva Fondun müxtəlif məkanlarda keçirdiyi maarifləndirici tədbirlər barədə məlumat verib. Fondun nümayəndəsi şagirdləri Birinci vitse-prezident Mehriban xanım Əliyevadan, həyatın müxtəlif sahələrində fəaliyyət göstərən vətənpərvər, istedadlı, fədakar qadınlardan nümunə götürməyə çağırıb.
 
 
MEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Güllü Yoloğlu “ADR dövründə qadınlar” mövzusunda mühazirə oxuyub. “Kitabi-Dədə Qorqud”, “Qırx qız” dastanından başlamış müasir dövrümüzə qədər qadınların cəmiyyətdəki mövqeyindən, ailədə və idarəetmə sistemlərində, milli və mənəvi dəyərlərimizin qorunması və gələcək nəslə ötürülməsində qadının həlledici rolundan bəhs edib.
 
Müsəlman Şərqində və Qafqazda qadınlara seçki hüququnun ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə verildiyini vurğulayan natiq müasir dövrümüzdə qadınların ictimai-siyasi, mədəni həyata aparıcı qüvvə olduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri yazıçı-publisist, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətova “Müstəqillik illərində ədəbiyyatda Azərbaycan qadını” mövzusunda çıxış edib. Neçə-neçə müdrik hökmdar, istedadlı şair, sənətkar, alim, siyasətçi qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazıldığını qeyd edən alim çıxışını şəhid Ülvi Bünyadzadənin şeiri ilə bitirib.
 
Sonda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru QətibəVaqıfqızı çıxış edərək məktəbin müəllim, şagird heyətini bayram münasibətilə təbrik edib. Azərbaycanda qadına, anaya olan ehtiramın daim yüksək olduğunu qeyd edərək. müəllimlik peşəsinin müqəddəsliyini diqqətə çatdırıb, bütün sahələrdə nailiyyətlər əldə edən müasir Azərbaycan qadınını cəmiyyətin böyük potensiala malik qüvvəsi kimi dəyərləndirib.
 
Tədbirdə Bakı şəhər Təhsil İdarəsinin baş məsləhətçisi Yaqut Məmmədova da çıxış edərək, təhsil sahəsində maarifçi xanımların rolundan söz açıb, onların daha yaxından tanıdılmasına böyük ehtiyac olduğunu deyib.
Rəsmi hissədən sonra məktəbin şagir kollektivinin ifasında milli rəqs, mahnı, şeir və səhnəciklər nümayiş olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuta xidməti
 
 
Tarix: 06.03.2018

Son xəbərlər