Məktəbdə "Milli-mənəvi dəyərlərimiz - Novruz ənənələri" mövzusunda mühazirə


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qaradağ rayonu Lökbatan qəsəbəsi Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə müəllim və şagirdlər qarşısında "Milli-mənəvi dəyərlərimiz - Novruz ənənələri" mövzusunda mühazirə təşkil edib.
 
Məktəbin direktoru Taleh Quliyev tədbiri giriş sözü ilə açaraq, şagirdlərə milli ənənələri özündə əks etdirən bayramlara hörmət və diqqətlə yanaşmağı tövsiyə edib.
Təhsil ocağının təlim-tərbiyə işləri üzrə müavin Jalə Qədirova da qədim bayramların xalqın təfəkküründə oynadığı müsbət roldan söz açıb.
 
Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun maarifçilik missiyasından danışaraq, xüsusilə yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda tərbiyə olunmalarının vacibliyini vurğulayıb.
 
R.Qurbanlı Novruz bayramının tarixi kökləri barədə ətraflı məlumat verərək, azərbaycanlıların həyatında bu bayramın xüsusi çəkiyə malik olduğunu deyib. Fondun nümayəndəsi bildirib ki, Novruz adətləri özündə xalqın mental dəyərlərini qoruyub saxladığı üçün daim hörmətə layiqdir.
 
Sonda şagirdlərin ifasında Novruz kompozisiyası nümayiş olunub.

 

 
Tarix: 19.03.2018

Son xəbərlər