"Heydər Əliyev soyqırıma siyasi qiymət verilməsi ideyasının müəllifidir”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (PTM) “Ümummilli lider Heydər Əliyev azərbaycanlıların soyqırımı tarixinin öyrənilməsi və siyasi qiymət verilməsi ideyasının müəllifidir” mövzusunda mühazirə təşkil edib.
 
Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın mühazirəsində 100 il əvvəl ermənilərin Zəngəzur, Quba, Şamaxı, Naxçıvan və Bakıda törətdikləri qanlı qırğınlardan söz açılıb, belə faciələrin bir daha təkrar edilməməsi üçün böyüməkdə olan gənc nəslin maariflənməsinin mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Natiq çoxsaylı faktlarla diqqətə çatdırıb ki, müasir Azərbaycan dövlətinin qurulması, tariximizin elmi şəkildə öyrənilməsi, tədqiqi, təbliği, eləcə də azərbaycanlıların soyqırımı və deportasiyasına ilk dəfə siyasi qiymət verilməsi məhz görkəmli dövlət xadimi Heydər Əliyevin adı, siyasi müdrikliyi və mətin iradəsi sayəsində mümkün olub.
 
Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilməsinin mühüm siyasi əhəmiyyətini vurğulayan H.Abdulla Ümummilli liderin ideyalarını müasir dövrün tələblərinə, xalqın, müstəqil dövlətin maraqlarına uyğun inkişaf etdirən ölkə başçısı İlham Əliyevin işğal altında olan əzəli torpaqlarımızla bağlı dövlət siyasətini, problemin mahiyyətini, gələcək vəzifələri dəqiq ifadə edən fikirlərini xatırladıb: “Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilinməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır.”
 
Tədbirdə çıxış edən mərkəzin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Məmmədova, əməkdar müəllim Esmira Rəhimova və başqaları Bilik Fondunun maarifçilik tədbirlərinin əhəmiyyətini, belə görüşlərin davamlı olmasını arzuladıqlarını bildiriblər.
 
Dinləyicilərin çoxsaylı sualları cavablandırılıb, şagirdlərin ifasında vətənə, şəhidlərə həsr olunmuş hərbi vətənpərvərlik ruhlu şeirlər səslənib.
 
Bilik Fondunun sektor müdiri özünün müəllifi olduğu kitabları PTM-nin kitabxanasına hədiyyə edib.
Tarix: 31.03.2018

Son xəbərlər