General Yaşar Aydəmirov: "Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü düşmənə bir daha sübut etdi"


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə aprelin 3-də Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Vətən mənə oğul desə…” adlı maarifçilik tədbiri keçirilib.
 
Silahlı Qüvvələrin 100 illiyi və 2016-cı ilin qalibiyyətli aprel döyüşlərinin iknici ildönümü münasibətilə təşkil edilmiş mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib, sonra torpaqlarımızın işğaldan azad olması uğrunda döyüşlərdə şəhid olmuş igid Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aprel döyüşlərinə həsr olunmuş sənədli film göstərilib.
 
Mərkəzin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qabil Həsənov Silahlı Qüvvələrin və Qarabağ müharibəsinin tədbirdə iştirak edən veteranlarını salamlayıb, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə peşə təhsilinin müasir tələblər səviyyəsində qurulmasına göstərdikləri diqqət və qayğıdan danışıb.
 
General-leytenant Yaşar Aydəmirovun “Aprel döyüşləri qələbəyə aparan yolun başlanğıcıdır” və Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlətimizin siyasətində” mövzusunda maarifləndirici mühazirələri dinlənilib.
 
Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü düşmənə bir daha sübut etdi. Döyüşlər 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalmasından dərhal sonra 257 km uzunluğunda olan təmas xətti boyu başlanıb. Cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilib. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qazaxlar və Tərtər rayonunun Madaqiz kəndləri istiqamətində yollar düşməndən azad olunub. 320 erməni hərbçisi ölüb, 500-ü yaralanıb, 30 tank və zirehli maşın, 25 artilleriya qurğusu məhv edilib. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş verən ən şiddətli döyüş olub.
 
Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda dövlətimizin apardığı genişmiqyaslı hərbi-siyasi fəaliyyət faktlarla diqqətə çatdırılıb, gənclərin hərb tariximizdən, aprel döyüşlərindən ciddi dərs almasının vacibliyi vurğulanıb.
 
Nizami Rayon Veteranlar Şurasının sədri Yəhya Ağayev, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov hərbi vətənpərvərlik ruhlu tədbirlərin əhəmiyyətini qeyd edərək, bütün uğurların başlanğıcında elmin, biliyin, maarifçiliyin durduğunu bildiriblər, belə tədbirlərin davamlı olmasını arzu ediblər.
 
Mərkəzin şagirdlərinin ifasında vətənə, torpağa, şəhidlərə həsr olunmuş şeirlər ifa edilib. Dinləyicilərin çoxsaylı sualları cavablandırılandan sonra tədbirin qonaqları şagirdlərin əl işlərindən ibarət sərgi ilə də tanış olublar.
 
H.Abdulla təşkilatçı qurumlar tərəfindən Azərbaycan Xalq Cümhuriyətinin, azərbaycanlıların soyqırımının və Silahlı Qüvvələrimizin 100 illiyinə həsr olunmuş birgə maarifçilik tədbirlərinin il boyu bütün regionlarda keçiriləcəyini bildirib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 04.04.2018

Son xəbərlər