“Azərbaycan iqtisadiyyatı son 15 ildə: imkanlar və perspektivlər”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “Azərbaycan iqtisadiyyatı son 15 ildə: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib. Tədbirdə ADİU rektorunun kollec üzrə müşaviri professor Nuru Mikayılov, Kollecin direktoru hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-alim Vüqar Bayramov, kollecin tələbə və müəllim heyəti iştirak edib.
 
Təhsil müəssisəsinin direktoru Oruc Məmmədov tədbiri giriş sözü ilə açaraq, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycan Respublikasının əldə etdiyi uğurlardan, həyata keçirilən kompleks islahatlardan, qarşıda duran vəzifələrdən danışıb.
 
İqtisadçı-alim Vüqar Bayramov mövzu üzrə geniş məruzə ilə çıxış edib. Azərbaycanın regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə olduğunu vurğulayan mühazirəçi qeyd edib ki, artıq qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar ölkənin investisiya mühitinin daha da yaxşılaşmasına, rəqabət qabiliyyətinin gücləndirilməsinə və mövcud infrastrukturdan, potensialdan iqtisadi diversifikasiya imkanları üçün istifadə edilməsinə səbəb olub.
 
Məruzədən sonra tədbir müzakirə formatında davam edib. V.Bayramov müəllim və tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 20.04.2018

Son xəbərlər