Bilik Fondu ölkənin iqtisadi uğurlarına həsr olunan mühazirələr təşkil etdi


Aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə "İqtisadi maarifləndirmə" proqramı çərçivəsində Bakı Dövlət Sosial-İqtisadi Kollecdə tədbir keçirilib.
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəsmi qəzetlərin 17 aprel 2018-ci il tarixli nömrəsində dərc olunmuş "İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri" başlıqlı məqaləsinin şərhinə həsr olunan tədbirdə alimlər mühazirə ilə çıxış ediblər.
 
Kollecin direktoru, pedaqoji elmlər namizədi, dosent Vidadi Orucov tədbiri giriş sözü ilə açaraq, iqtisadi inkişafın insan kapitalının formalaşmasındakı rolundan danışıb və son illərdə ölkə gənclərinin intellektual potensialının gücləndiyini faktlarla diqqətə çatdırıb.
 
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Əsədov "Ölkə iqtisadiyyatının uğurları" mövzusunda çıxış edib.
 
Alim bildirib ki, islahatlar nəticəsində ölkədə yeni iqtisadi münasibətlər formalaşıb, mülkiyyət müxtəlifliyi və azad rəqabət mühiti təmin edilib. Bu islahatlar Azərbaycanda makroiqtisadi sabitliyin bərqərar olmasına, ümumi daxili məhsulun ardıcıl artımına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olub. Artıq xarici kreditlərdən asıllılıq aradan qaldırılıb, ölkəmiz həm daxili, həm də regional layihələrə vəsait ayırır.
 
Kollecin müəllim və tələbə kollektivinin iştirakı ilə interaktiv formada keçirilən tədbirdə dinləyicilərin sualları ətraflı cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 23.04.2018

Son xəbərlər