Bilik Fondu uşaq yazarları ilə görüş keçirib


UNESCO-nun təklifi əsasında 23 aprel tarixi 100 ölkənin milyonlarla kitab sevənlərinin dəstəyi ilə Beynəlxalq Kitab Günü kimi qeyd edilir.
 
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə “İmzalı görüş” layihəsi çərçivəsində uşaq yazarları Aygün Bünyadzadə və Reyhan Yusifqızı ilə görüş keçirib.
 
Tədbirdə Bilik Fondunun əməkdaşları sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı iştirak ediblər.
 
53 nömrəli məktəbin direktoru, Bilik Fondunun Yasamal rayonu üzrə nümayəndəsi Firəngiz Həsənova qonaqları salamlayaraq, mütaliənin gənc nəslin intellektual səviyyəsinin yüksəlməsində, dünyagörüşünün hərtərəfli inkişafında rolundan danışıb. Kitabın dəyərindən söhbət açan məktəb direktoru şagirdləri oxu vərdişlərindən əl çəkməməyə çağırıb.
 
Özünü “müasir uşaqların yazarı” kimi təqdim edən Reyhan Yusifqızı son vaxtlar çap olunan kitablarından söhbət açıb. Müəllifin elmi-fantastika janrında yazılmış birinci kitabı – 2009-cu ildə Ankarada beynəlxalq müsabiqədə mükafata layiq görülmüş “Yaşıl gözlü qız”, Azərbaycan uşaq ədəbiyyatında intelektual prozanın parlaq nümunələrindən olan “Kompüterin qəribə tarixi” kitabları uşaqların xüsusi marağına səbəb olub.
 
Dünya Gənc Türk Yazarlar Birliyinin “uşaq ədəbiyyatı bölməsi”nin rəhbəri, “uşaqlar qarşısında xidmətləri üçün” Polşa Respublikasının Beynəlxalq Təbəssüm Ordeninə layiq görülmüş və “Təbəssüm Ordeni Kavaleri” fəxri adını qazanmış Aygün Bünyadzadə məktəblilərə yazdığı nağıllardan danışıb.
 
Sonra məktəblilər yazarların yaradıcılığını müzakirə edərək onları maraqlandıran suallara cavab alıblar.
 
Sonda şagirdlərə Bilik Fondunun kitab hədiyyələri təqdim olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 23.04.2018

Son xəbərlər