Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı mühazirələr təşkil olundu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə silsilə maarifləndirici tədbirlər keçirilir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" imzaladığı Sərəncama uyğun olaraq, Muzeydə növbəti tədbir aprelin 24-də təşkil olunub.

Muzeyin elmi əməkdaşları - tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov “Nəriman Nərimanovun həyat və fəaliyyəti", kiçik elmi işçi Zülfiyyə Cəlilova “Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində fraksiyalar”, tarix üzrə fəlsəfə doktoru Bəhmən Kərimov “Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun daxili səbəbləri”, tarix üzrə fəlsəfə doktoru Fuad Ağayev “Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun xarici səbəbləri” mövzularında mühazirə ilə çıxış ediblər. Azərbaycan Dillər Universitetinin tələbələri, H.Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri və müəllimlərinin iştirakı ilə keçirilən tədbirdə AXC parlamenti və hökumətləri, Cümhuriyyətin daxili və xarici siyasəti, dövlətə olan təhdidlər, N.Nərimanovun siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Məruzələrdən sonra iştirakçıların sualları ətraflı cavablandırılıb.

 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 24.04.2018

Son xəbərlər