Kollecdə Hüseyn Cavid yaradıcılığı müzakirə olundu


Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir keçirilib.
 
Kollecin direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov tədbiri giriş sözü ilə açaraq, “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” ölkə başçısının imzaladığı 24 oktyabr 2017-ci il tarixli Sərəncamını xatırladaraq, ölkədə və xaricdə bu mövzuda keçirilən tədbirlərdən danışıb.
 
Bilik Fondunun Lektorlar qrupunun üzvü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Tərcümə Mərkəzinin baş məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova “İstiqlal şairi Hüseyn Cavid yaradıcılığında azərbaycançılıq məfkurəsi” mövzusunda çıxış edib.
 
Tədbirdə ADİU rektorunun kollec üzrə müşaviri profesor Nuru Mikayılov Bilik Fondu ilə İqtisadiyyat Universiteti və Kollecin birgə maarifçilik tədbirlərinin uğurla davam etdiyini, həyata keçirilən layihələrin tələbələrin ictitmai təfəkkürünün formalaşmasına, milli-mənəvi dəyərlərin təbliğinə, vətənpərvərlik ruhunun yüksəldilməsinə təkan verdiyini vurğulayıb.
 
Sonda kollecin tələbələri tərəfindən Hüseyn Cavidin əsərləri əsasında hazırlanmış bədii proqram nümayiş olunub.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 25.04.2018

Son xəbərlər