Kollecdə Əhməd Cavada həsr olunan ədəbi-bədii gecə təşkil olundu


Aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Bakı İdarəetmə və Texnologiya Kollecində dövlət himnimizin müəllifi Əhməd Cavada həsr olunmuş “Əhməd Cavad – istiqlalımızın tərənnümçüsü” mövzusunda maarifləndirici ədəbi-bədii tədbir keçirilib.

Kollecin tələbə və müəllim kollektivinin iştirakı ilə keçirilən tədbirdə “Azərbaycan” qəzetinin müxbiri, filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlı mühazirəsində 45 yaşında Stalin repressiyasının qurbanı olmuş şairin ömür yolundan, yaradıcılığından danışıb. O, müəllifi olduğu “Əhməd Cavad”, “Cümhuriyyət şairi”, “Əhməd Cavadın yaradıcılıq yolu” kitablarını kollecin kitabxanasına hədiyyə edib.

Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına uyğun olaraq Fond tərəfindən keçirilən tədbirlər barədə danışıb, belə mühazirələrin gənclərin vətənpərvərlik, estetik tərbiyəsində böyük əhəmiyyətini qeyd edib.

Tədbirdə Əhməd Cavadın şeirləri, sözlərinə yazılmış mahnılar səslənib, tələbələrin sualları cavablandırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 27.04.2018

Son xəbərlər