“Azərbaycanlıların soyqırımı: tariximizin ibrət dərsləri” – kolleclərdə maarifləndirici mühazirə


Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə müxtəlif elm-təhsil müəssisələrində, idarə və təşkilatlarda silsilə maarifləndirici tədbirlər davam etdirilir.
 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafayevin iki orta ixtisas müəssisəsində - Bakı İdarəetmə və Texnologiya Kollecində, Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kollecində “Azərbaycanlıların soyqırımı: tariximizin ibrət dərsləri” mövzusunda mühazirələri təşkil olunub.
 
N.Mustafayev kolleclərin müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən tədbirlərdə bildirib ki, ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüz siyasəti nəticəsində Bakı, Şamaxı, Quba, Muğan, Lənkəran və başqa ərazilərdə on minlərlə dinc sakin qətlə yetirilib, şəhərlər, kəndlər viran edilib, azərbaycanlılar ata-baba yurdlarından didərgin salınıblar.
 
Alim gəncləri tarixi faktları unutmamağa çağırıb və onlara vətənə sevgi, dövlətə qayğı hissi ilə yaşamağı, tarixdən ibrət dərsi götürərək, ölkənin maddi və mənəvi sərvətlərini göz bəbəyi kimi qorumağı tövsiyə edib.
 
Sonda tələbələrin sualları ətraflı şəkildə cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 27.04.2018

Son xəbərlər