Bilik Fondu akademik Zərifə Əliyevanın 95 illiyi ilə bağlı maarifləndirici tədbirlər keçirir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə paytaxtda və bölgələrdə dünya şöhrətli alim, görkəmli oftalmoloq, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunan silsilə maarifləndirici tədbirlər keçirilib.
 
Bilik Fondu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Zərifə Əliyeva – nəcib insan, dünya söhrətli oftalmoloq-alim” mövzusunda “Məlumat saatı” İcra Hakimiyyətinin inzibati binasında gerçəkləşib.
 
Tədbiri giriş sözü ilə açan İcra başçısının müavini Vüsar İsmayılov bildirib ki, Zərifə Əliyeva dünya tibb elminə əvəzsiz töhfələr verib, akademikin müəllifi olduğu elmi araşdırmalardan bu gün də tibb aləmində, xüsusən, oftalmologiya sahəsində geniş istifadə olunur.
 
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev akademik Zərifə Əliyevanın layiqli vətəndaş, nəcib insan, görkəmli alim kimi fəaliyyətindən danışıb.
 
Tədbirdə məruzəçi qismində çıxış edən Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Elmira Axundova Zərifə Əliyevanın peşəkar fəaliyyəti barədə geniş nitq söyləyib. Millət vəkili qeyd edib ki, oftalmoloq alim peşəkarlığı, istedadı ilə yanaşı, sadəliyinə, insanlara olan diqqət və qayğısına görə hər kəsin rəğbətini, məhəbbətini qazanıb.
 
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, İcra Hakimiyyəti Aparatının şöbə müdirləri, əməkdaşları, qəsəbə və kənd bələdiyələrinin rəhbərləri və üzvləri, icra nümayəndələri, səhiyyə və təhsil işçiləri, Yeni Azərbaycan Partiyası fəallarının iştirak etdikləri tədbirdə dinləyicilərin sualları ətraflı cavablandırılıb.
 
Növbəti tədbir Akademik Zərifə Əliyeva adına liseydə gerçəkləşib.
Bilik Fondunun məsləhətçisi Ceyla Məmmədova Fondun dünya şöhrətli azərbaycanlılara həsr olunan maarifləndirici layihələrindən söz açıb.
 
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi Aysel Əkbərova görkəmli alimin elmi araşdırmalarından danışıb.
 
Nardaran Bilik Evinin dəstəyi ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi 130 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə məktəbin direktoru Ağasəid Orucov giriş nitqi söyləyərək, Zərifə xanımı ideal Azərbaycan qadını kimi xarakterizə edib.
 
Fondun əməkdaşı Aynur Seyidova Zərifə Əliyevanın elmin çətin yollarında inamla irəliləyərək uca zirvələrə yüksəldiyini, çox məsuliyyətli, ibrətamiz, nümunəvi həyat yaşadığını diqqətə çatdırıb.
 
Milli Oftalmologiya Mərkəzinin baş elmi işçisi, tibb elmləri namizədi Aygün Məmmədbəyli mühazirəsində Zərifə Əliyevanın elmi əsərlərindən söz açaraq, akademikin “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olduğunu vurğulayıb.
 
Sabunçu rayonu, Maştağa qəsəbəsi 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası poliklinikasının baş həkimi Səriyyə Səfərova akademik Zərifə Əliyevanın fəal ictimai xadim kimi fəaliyyətindən danışıb.
 
Sonda görkəmli akademikin həyat və fəaliyyətinə həsr olunmuş videosüjet göstərilib.
 
Astara rayonu D.Əsədov adına Şahağac kənd 2 nömrəli tam orta məktəbində “Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın obrazları Azərbaycan ədəbiyyatında” mövzusunda maarifləndirici tədbir olub.
 
Məktəbin direktoru Sakit Mürsəlov Fondun təşəbbüsü ilə rayonda həyata keçirilən tədbirlərin gənclərin maariflənməsində, vətənpərvərlik, etik-əxlaqi və estetik tərbiyəsində mühüm əhəmiyyət daşıdığını bildirib.
 
Məruzəçi, filologiya elmləri üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu faktlarla vurğulayıb ki, qüdrətli tarixi şəxssiyyətlər ədəbiyyatın tərəqqisində mühüm rol oynayırlar. Filoloq-alim ədəbi nümunələrdən sitatlar gətirərək, dinləyicilərin suallarını cavablandırıb.
 
Sonra məktəblilər Ulu öndərə və akademik Zərifə xanıma həsr edilmiş şeirlər ifa ediblər.
 
Yasamal rayon Heydər Əliyev Mərkəzində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi Nübar Həşimovanın mühazirəsi təşkil olunub.
 
Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, AMEA-nın Fəlsəfə İnstitutunun Politologiya və siyasi sosiologiya söbəsinin müdiri, professor Rəna Mirzəzadə, rayonun Qeydiyyat şöbəsinin rəisi İlahə Ələsgərova, səhiyyə müəssisələrinin əməkdaşları və fəallarının iştirakı ilə gerçəkləşən tədbirdə akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı haqqında faktlarla zəngin məlumatlar səsləndirilib.
 
Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illik yubileyinə həsr olunan maarifləndirici tədbirlər Bilik Fondunun Bilik evlərində və nümayəndələrin rəhbəri olduğu təhsil müəssisələrində də keçirilib.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 30.04.2018

Son xəbərlər