Zaqatalada Zərifə Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırıldı


Aprelin 28-də dünya şöhrətli alim, görkəmli oftalmoloq, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü Zaqatala rayonunda onun adını daşıyan texniki-təmayüllü liseydə keçirilib.

Qonaqlar əvvəlcə foyedə lisey şagirdlərinin akademik Zərifə Əliyevaya və ümummilli lider Heydər Əliyevə həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yerli nümayəndəsi, liseyin direktoru tədbiri giriş sözü ilə açaraq, Azərbaycan tibb elminin, xüsusilə oftalmologiyanın inkişafında müstəsna xidmətləri olan Zərifə Əliyevanın həyat və yaradıcılığından danışıb.

Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, tibb elmində böyük uğurların müəllifi olan Zərifə Əliyeva fitri istedada malik alim, geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə hamının rəğbətini qazanan ictimai xadim idi. Zərifə Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillik məktəbi olub.

Görkəmli oftalmoloq alimin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.

Sonra akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə rayonun ümumtəhsil məktəblərində keçirilən inşa yazı, şeir, rəsm müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edilib.

Tədbir liseyin şagirdlərinin hazırladıqları bədii proqramla başa çatıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 28.04.2018

Son xəbərlər