"Xalq Cümhuriyyətinin tarixi müasir Azərbaycan gəncliyinin təqdimatında"


Aprelin 28-də ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" imzaladığı Sərəncama uyğun olaraq, “Binəqədi Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
 
Tədbirdə Bilik Fondunun sektor müdiri Rauf Həsənov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev və rayon fəalları iştirak ediblər.
 
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu xatırladan natiqlər müsəlman Şərqində ilk parlamentli respublika olan Cümhuriyyətin xalqımızın tarixində misilsiz rol oynadığını vurğulayıblar.
 
Tədbirdə Fondun sektor müdiri Rauf Həsənov "Xalq Cümhuriyyətinin tarixi müasir Azərbaycan gəncliyinin təqdimatında" mövzusunda mühazirə ilə çıxış edib. Bildirib ki, müasir Azərbaycan gəncliyi milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən olan Cümhuriyyət dövrünü dərindən öyrənməli, xaricdə yaşayan yaşıdları ilə daim təmasda olaraq, tariximizlə bağlı obyektiv məlumatları dünya ictimaiyyətinə çatdırmalıdır.
 
Gənclərin sualları ətraflı cavablandırıldıqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Parisdən məktublar” sənədli filmi nümayiş olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 28.04.2018

Son xəbərlər