“Ətraf mühitin insan sağlamlığına təsiri” - orta məktəbdə mühazirə


Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Nərmin Əliyevanın Xətai rayonu 86 nömrəli tam orta məktəbdə “Ətraf mühitin insan sağlamlığına təsiri” mövzusunda maarifləndirici mühazirəsi təşkil olunub.

Məktəbin müəllim və şagird kollektivinin iştrakı ilə keçirilən tədbirdə Bilik Fondunun Beynəlxalq layihələr sektorunun məsləhətçisi Aytən Xubanova Fondun İSİM-lə birgə təşkil etdiyi maarifləndirici mühazirələrdən danışıb.

İSİM-in mütəxəssisi Nərmin Əliyeva “Ətraf mühitin insan sağlamlığına təsiri” mövzusunda geniş təqdimatla çıxış edərək, insanların təsərrüfat fəaliyyəti ilə əlaqədar ətraf mühitə verdiyi zərərlərdən söz açıb.

Ətraf mühitin çirklənməsinin sağlamlığa ciddi ziyan vurduğunu bildirən N.Əliyeva bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağıran natiq tütün məmulatlarından istifadənin, eləcə də ikincili tütünçəkmənin atmosferə və uşaqların hələ tam formalaşmamış orqanizminə göstərdiyi mənfi təsirlərini qeyd edib.

İnsanın sağlam olması üçün təmiz və təhlükəsiz  ətraf mühitin əsas amil olduğunu vurğulayan N.Əliyeva  şagirdlərə ətraf mühiti qorumaq üçün tövsiyələr verib.

Mövzu ətrafında səmərəli müzakirə şəraitində keçən tədbirin yekununda auditoriyanı maraqlandıran suallar cavablandırılıb, iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıb.

 

Tarix: 30.04.2018

Son xəbərlər