Bilik Fondu cəmiyyətdən müvəqqəti təcrid olunanları da maarifləndirir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində Milli Məclisin deputatı Aydın Mirzəzadənin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev Azərbaycanın müstəqilliyinin bərpasının banisidir” mövzusunda mühazirəsi keçirilib.
 
Tədbiri giriş sözü ilə açan Cəzaçəkmə Müəssisəsinin rəisi polkovnik Tahir Yusifov Bilik Fondu ilə rəhbərlik etdiyi təşkilatın hüquqi maarifləndirmə sahəsindəki qarşılıqlı əlaqələrindən danışıb, Fondun təşkilatçılığı ilə bu istiqamətdə keçirilən bir sıra tədbirlərə ev sahibliyi etdikləri barədə iştirakçılara məlumat verib.
 
Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev Ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin qurulması istiqamətində xidmətlərindən söz açıb, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. İ.Vəliyev cəza siyasətində humanistləşdirilmənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini konkret faktlarla gündəmə gətirib.
 
“Heydər Əliyev Azərbaycanın müstəqilliyinin bərpasının banisidir” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə Ümummilli liderin keçdiyi həyat yolundan danışıb, onun prezidentliyi dövründə yeridilmiş siyasət nəticəsində Azərbaycanın təhlükəsizliyinin təmin edilməsini, müdafiə qüdrətinin möhkəmləndirilməsini xüsusilə vurğulayıb. İnsan hüquq və azadlıqlarının təminatı istiqamətində görülmüş işlərdən danışan məruzəçi amnistiya və əfv nəticəsində azadlığa qovuşmuş minlərlə insanın Ulu öndəri böyük məmnunluq hissi ilə yad etdiyini bildirib.
 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 10.05.2018

Son xəbərlər