Hövsan məktəbində "Azərbaycan Xalq Cümhuriyyəti İli"nə həsr olunan tədbir


Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsi, 270 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
 
Məktəbin direktoru Əli İsgəndərov müəllim və şagird kollektivinin iştirak etdiyi tədbiri giriş sözü ilə açaraq, təhsil ocağında keçirilən silsilə maarifləndirici görüşlər barədə məlumat verib, bu cür tədbirlərin gənc nəslin milli şüurunun formalaşdırılmasında müstəsna rolu olduğunu diqqətə çatdırıb.
 
Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşid Məmmədov Azərbaycanın şanlı tarixə malik olduğunu faktlarla diqqətə çatdırıb, bu tarixdə Xalq Cümhuriyyətinin ayrıca bir yeri olduğunu bildirib.
 
Daha sonra Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən “Jurnalistika” Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Samir Mirzəyev “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsidir” mövzusunda mühazirə ilə çıxış edib.
 
Məruzəçi Xalq Cümhuriyyətinin yarandığı və fəaliyyət göstərdiyi çətin tarixi şərait barədə məlumat verdikdən sonra Cümhuriyyətin milli dövlətçilik tariximizdə misilsiz xidmətindən ətraflı bəhs edib. Natiq AXC dövründə həyatın müxtəlif sferalarında görülən mütərəqqi işlər, ordu quruculuğu, elm və təhsil, xarici əlaqələr, parlamentin yaradılması, Azərbaycanın xarici dövlətlər tərəfindən de-fakto tanınması və s. məsələlər barədə auditoriyaya məlumat verib.
 
Tədbir şagirdləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 15.05.2018

Son xəbərlər