Suraxanıda silsilə maarifləndirici mühazirələr davam edir


Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Bülbülə qəsəbəsi 327 nömrəli tam orta məktəbdə, Yeni Suraxanı qəsəbəsi 89 nömrəli tam orta məktəbdə, “Suraxanıoyl” Əməliyyat Şirkətində "Azərbaycan Xalq Cümhuriyyəti-100" mövzusunda maarifləndirici tədbirlər keçirilib.

327 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşid Məmmədov, Bilik Fondunun Suraxanı rayonu üzrə nümayəndəsi Məlahət Əliyeva, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Selcan Məmmədzadənin “Cümhuriyyət Parlamentinə gedən yol” mövzusunda mühazirəsi maraqla qarşılanıb.

89 nömrəli tam orta məktəbdə Tarix İinstitutunun elmi işçisi Əsmər Göyüşova “Azərbaycan Xalq Cümhuriyyəti: dünəndən bu günə”, “Suraxanıoyl” Əməliyyat Şirkətində Bakı Dövlət Universitetinin professoru Alxan Məmmədov “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri” mövzularında mühazirələrlə çıxış ediblər.

Mütəxəssislər tədbir iştirakçılarına Azərbaycan tarixinin şərəfli səhifələri haqqında ətraflı məlumat veriblər. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını yüksək dəyərləndirən natiqlər müsəlman Şərqində ilk parlamentli respublika olan Cümhuriyyətin xalqımızın tarixində misilsiz rol oynadığını vurğulayıblar. 

Mühazirəçilər iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 18.05.2018

Son xəbərlər