Bilik Fondu Maşınqayırma zavodunda maarifləndirici tədbir keçirdi


2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə növbəti tədbir keçirilib.
 
"Suraxanı Maşınqayırma zavodu TASC"-da keçirilən tədbiri İdarə Heyətinin sədr müavini Vahid Mahmudov açaraq, Bilik Fondunun Lektorlar qrupunun üzvü, "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlını iştirakçılara təqdim edib.
 
A.Aşırlı Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarını xatırladıb. Çətin və ağır şəraitdə 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin imzalanmasına diqqət yönəldən A.Aşırlı 23 aylıq şanlı tarixdən danışıb. Milli Ordu quruculuğu, Parlamentin və medianın fəaliyyəti, hüquq-mühafizə sisteminin yaradılması, təhsildə aparılan milliləşmə proqramlarını şərh edən məruzəçi bu şərəfli tarixin dövlətçiliyimizdə böyük önəm daşığıdını deyib: “Yoxdan var olan üçrəngli müqəddəs bayrağı bizə ərməğan qoyan M.Ə.Rəsulzadə, F.Xoyski, N.Yusifbəyli, Ə.Topçubaşov, S.Mehmandarov və digər Cümhuriyyət qurucularının xatirəsi hər zaman əzizdir. Bu insanların ruhu bu gün şaddır: 27 ildir ki, Azərbaycan müstəqildir, istiqlalını qoruyur, müstəqil siyasət həyata keçirir, beynəlxalq aləmin bərabərhüquqlu üzvüdür".
 
İcra Hakimiyyətinin Yeni Suraxanı qəsəbə nümayəndəliyinin aparıcı mütəxəssisi Rəfiqə Məmmədova da tarixi hadisə barədə öz düşüncələri ilə bölüşüb.
 
Tədbir müzakirə formatında davam etdirilib. Mühazirəçi iştirakçıların çoxsaylı suallarını ətraflı cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

 
Tarix: 22.05.2018

Son xəbərlər