“Xalq Cümhuriyyəti dövründə Azərbaycan mədəniyyəti”


Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zığ qəsəbəsi, 317 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
 
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşid Məmmədov, Bilik Fondunun Lektorlar qrupunun üzvü, AMEA Milli Azərbaycan Tarixi muzeyinin aparıcı elmi işçisi Nardanə Yusifova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Hatəm Gülməmmədov, Həbibə Qəribova, müəllim və şagird kollektivi, məktəblilərin valideynləri iştirak ediblər.
 
Məktəbin direktoru Əliqismət Səfərov qonaqları salamlayaraq Cümhuriyyət tariximizin şərəfli səhifələrindən söz açıb, tədbir iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyi münasibəti ilə təbrik edib.
 
Sonra Nardanə Yusifova şagirdlərə “Xalq Cümhuriyyəti dövründə Azərbaycan mədəniyyəti (Milli Azərbaycan Tarixi Muzeyi eksponatları əsasında)” mövzusunda mühazirə söyləyib. Natiq Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini vurğulayıb.
 
Mühazirəçi məktəbliləri maraqlandıran sualları cavablandırıb.
 
Bayram tədbiri şagirdlərin hazırladıqları musiqili-bədii kompozisiya ilə yekunlaşıb.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 22.05.2018

Son xəbərlər