“Azərbaycan Xalq Cümhuriyyəti və folklorumuz”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində Xocavənd rayon Mədəniyyət Evində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanovanın “Azərbaycan Xalq Cümhuriyyəti və folklorumuz” mövzusunda mühazirəsi keçirilib.
 
Mühazirədə Xocavənd rayon icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əfsanə Quliyeva, yerli sakinlər iştirak ediblər. L.Süleymanova Cümhuriyyət dövründə yaşamış, sonralar mühacirət etmiş ziyalılarımızdan və onların folklor tədqiqatlarından ətraflı şəkildə bəhs edib. Vurğulanıb ki, Cümhuriyyət dövründə xalq yaradıcılığı örnəklərinə azadlıq mübarizəsinin tərkib hissəsi kimi yanaşılırdı ki, bu da mühacirətdə folklorşünaslığın yaranmasını zəruri edən ən əsas şərtlərdən biri idi.
 
L.Süleymanovanın növbəti mühazirəsi Beyləqan şəhər N.Allahverdiyev adına 1 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz folklorumuzda” mövzusunda keçirilib.
 
Folklorun milli kimliyin göstəricisi olduğunu qeyd edən mühazirəçi milli-mənəvi dəyərlərin folklorda inikasından, folklorun xalq həyatında rolundan bəhs edib.
 
Hər iki mühazirəni dinləyicilər böyük maraqla qarşılayıblar. L.Süleymanova iştirakçıları maraqlandıran çoxsaylı sualları ətraflı cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 11.07.2018

Son xəbərlər