Dövlət Müstəqilliyi Günü Şuşa Humanitar Kollecində qeyd edilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Yasamal rayonundakı Şuşa Humanitar Kollecində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. Kollecin direktoru Rasim Mehdiyev 18 oktyabrın xalqımızın zəfər tarixində ən əlamətdar günlərdən biri olduğunu bildirib.
 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva “Dilçi alimlərin “Azərbaycan Xalq Cümhuriyyəti İlin”də maarifçilik fəaliyyəti” mövzusunda çıxış edib. O, İnstitut əməkdaşlarının Bilik Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində televiziya kanallarında təlimlər keçdiklərini qeyd edib. Təlimçilərin tövsiyə xarakterli məqalələri Fondun təşəbbüsü və dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” toplusunda dərc olunub. E.Əliyeva İnstitut əməkdaşlarının Fondun “Dilimiz sərvətimizdir” layihəsi çərçivəsində müxtəlif bölgələrdə silsilə maarifləndirici tədbirlərdə iştirak etdiklərini xatırladıb. O, həmiçinin “Azərbaycan Xalq Cümhuriyyət İli”ndə İnstitutun qarşısında duran vəzifələr, dilçi alimlərin yeni elmi araşdırmaları və nəşrləri haqqında məlumat verib.
 
Tədbirdə Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn Məmmədov “Müstəqilliyimizin 100 ili” mövzusunda mühazirə deyib. O, Cümhuriyyət dövründə qəbul edilmiş qanunların əhəmiyyətindən, 1991-ci ildə müstəqilliyə qovuşmağımızın çətinliyindən bəhs edib, itirilmiş torpaqları, verilmiş qurbanları ürək yanğısı ilə xatırlayıb. Müstəqilliyə qovuşandan sonra ölkəmizdə gedən quruculuq işlərindən, iqtisadiyyat, təhsil sahəsindəki uğurlardan söz açıb. H.Məmmədov müstəqilliyin bərpasında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini, onun azərbaycançılıq ideyası yolunda göstərdiyi əzmkarlığı xüsusi vurğulayıb.
 
Tədbirdə “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri fəal iştirak ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 19.10.2018

Son xəbərlər