Bilik Fondu Şuşa məktəbliləri üçün “Azərbaycan bəstəkarlıq məktəbi: tarix və müasirlik” mövzusunda mühazirə təşkil etdi


Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Azərbaycan bəstəkarlıq məktəbinə həsr olunan maarifləndirici tədbir keçirilib. Məktəbin direktoru Gülnar Qurbanova Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində gerçəkləşən tədbiri açaraq, Azərbaycanın musiqi beşiyi olan Şuşanın tanınmış musiqiçilərin vətəni olduğunu xatırladıb və şuşalıların musiqiyə böyük maraq göstərdiyini diqqətə çatdırıb.
 
Tədbirdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü Rüfət Ramazanov “Azərbaycan bəstəkarlıq məktəbi: tarix və müasirlik” mövzusunda mühazirə ilə çıxış edib.
 
Mühazirəçi bəstəkarlıq sənətinin xüsusiyyətindən, peşəkar və həvəskar musiqinin fərqli cəhətlərindən, mahnı janrından, klassik bəstələrin bugünlə səsləşməsinin səbəblərindən söz açıb.
 
Bildirilib ki, müasir dövrümüzdə yaranan peşəkar bəstəkarlıq məktəbləri Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə dühasından yol alıb.
 
Bayağı üslubda təqdim olunan mahnıların, xüsusən, gənclərin zövqünü korladığını təəssüf hissi ilə qeyd edən R.Ramazanov məktəblilərə peşəkar bəstəkarların yazdıqları musiqiləri dinləməyi tövsiyə edib.
 
Mühazirədən sonra istedadlı məktəblilərin hazırladıqları musiqi nömrələri təqdim olunub. R.Ramazanov gənclərin çıxışlarına münasibət bildirib.
 
Məktəbin müəllim və şagirdləri mühazirəçiyə ünvanladıqları suallara ətraflı cavablar alıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 24.10.2018

Son xəbərlər