Binəqədidə “Azərbaycanın təbii sərvəti və ekoloji tarazlığın qorunması” mövzusunda tədbir keçirildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Binəqədi rayon Gənclər Evində “Ekoloji maarifləndirmə” proqramı çərçivəsində tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İnstitutunun Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri, Əməkdar müəllim Almaz Həsrət, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Bilik Fondunun baş məsləhətçisi Nüşabə Hüseynova və yerli gənclər iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə Binəqədi RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Bilik Fondunun Bakı şəhəri Binəqədi rayonu üzrə nümayəndəsi Şəmsi Gülverdiyev açaraq, Fondun fəaliyyəti barədə məlumat verib.
 
Fondun baş məsləhətçisi N.Hüseynova gənclərin ekoloji maarifləndirilməsinin Bilik Fondunun əsas fəaliyyət istiqamətlərindən biri olduğunu deyib, bu sahədə aparılan maarifləndirici işin gənclərin ekoloji biliklərinin artmasında rolunu qeyd edib.
 
Əməkdar müəllim A.Həsrət “Azərbaycanın təbii sərvəti və ekoloji tarazlığın qorunması” mövzusunda geniş məruzə ilə çıxış edib, təbiətdəki canlı orqanizmlərin növ tərkibi, sayı, məhsuldarlıq, mövsümi dəyişmə, biotik maddələr mübadiləsi və digər bioloji proseslərin nisbi davamlılığı haqqında danışıb. İnteraktiv formada keçən tədbirin iştirakçılarına ekoloji tarazlığın qorunması məqsədilə görülməli işlər barədə əhatəli bilgi verilib.
 
Sonda mövzu ilə bağlı videofilm nümayiş etdirilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 25.10.2018

Son xəbərlər