Bilik Fondu Beynəlxalq İnsan Haqları Gününə həsr olunmuş tədbir keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 10 dekabr – Beynəlxalq İnsan Haqları Gününə həsr edilmiş tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutan tədbirdə “İnsan və vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikası qanunvericiliyi müstəvisində” mövzusunda məruzə ilə çıxış edən Fondun aparat rəhbəri professor İsaxan Vəliyev insan hüquqları haqqında ilk dəfə olaraq 1789-cu ildə Fransada qəbul edilmiş “İnsan və vətəndaş haqqları haqqında Deklarasiya”da rəsmi məlumat verildiyindən söhbət açıb, 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş “İnsan hüquqları haqqında ümumi Deklarasiya”nın mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.

Qeyd olunub ki, XIX əsrin axırlarında müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin 12 noyabr 1995-ci il tarixli Konstitusiyasının insan hüquq və azadlıqları ilə bağlı bir sıra müddəaları sözügedən Deklarasiyada nəzərdə tutulmuş maddələr əsasında hazırlanaraq qəbul edilib. İnsan hüquq və azadlıqlarının təminatının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğundan, bu məsələ daim diqqətdə saxlanılıb, Ulu öndər Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib. Məruzəçi bu Proqramın mahiyyətindən söhbət açıb, onun əhəmiyyətini xüsusi vurğulayaraq, Prezident İlham Əliyevin 17 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, Dövlət Proqramı qəbul olunduğu günün – iyunun 18-nin Azərbaycanda Milli İnsan Hüquqları Günü elan edildiyini diqqətə çatdırıb.
 
Tədbirdə daha sonra ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində aparılan hüquqi islahatlardan söhbət açılıb.
 
Diskussiya şəraitində keçən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Bilik Fondunun birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının müdafiəsi Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi” mövzusunda keçirilmiş elmi konfransın məruzələr toplusu iştirakçılara təqdim edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 10.12.2018

Son xəbərlər