Pedaqoji Universitetdə dövlət qulluğu ilə bağlı mühazirə keçirildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində Dövlət qulluğunun baş müşaviri Vidadi Rzayevin “Qanunvericilik Dövlət qulluğu sahəsində əsas meyarlardan biri kimi” mövzusunda mühazirəsi keçirilib. Tədbirdə Fondun sektor müdiri Xatirə Hüseynova, Universitetin Məzun, Koordinasiya və Karyera bölməsinin müdiri Könül Əsgərova, tələbələr iştirak ediblər.
 
Sektor müdiri Xatirə Hüseynova Bilik Fondunun fəaliyyətindən bəhs edərək gəncləri maarifləndirici layihələrdən faydalanmağa çağırıb. Bildirib ki, 2019-cu ildən başlayaraq, Universitetdə gənclərin dövlət qulluğuna marağının stimullaşdırılması üçün aztəminatlı ailələrdən olan yuxarı kurs tələbələri üçün ödənişsiz hazırlıq kurslarının açılması planlaşdırılıb.
 
V.Rzayev gənclərə dövlət qulluğuna qəbulla bağlı müsabiqənin şərtləri, keçirilmə qaydaları haqqında ətraflı məlumat verib. Mühazirəçi deyib ki, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq, dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
 
Azərbaycan Respublikasının Prezidenti yannda
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 26.12.2018

Son xəbərlər