Sual - Cavab


2014-cü il, mayın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun missiyası əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına, gənclərə qloballaşma şəraitində cərəyan edən proseslərin təhlil olunması bacarığının aşılanmasına, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərlərin təbliğatına, daxili və xarici siyasətin mahiyyətinin ictimaiyyətə çatdırılmasına xidmət etməkdir.

Fond əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirir.

Bilik Fondunun rəsmi internet səhifəsi olan bilikfondu.gov.az saytında açılan maarifləndirmə pəncərəsi izləyicilərin elmi maarifləndirmə, iqtisadi maarifləndirmə, mədəni maarifləndirmə, hüquqi maarifləndirmə, tibbi maarifləndirmə, ekologi maarifləndirmə bölmələri üzrə suallarına lakonik və dəqiq cavab verilməsi üçün yaradılıb.

İzləyici təqdim edilən e-mail ünvanına sual göndərəcək və qısa zamanda o sual tanınmış mütəxəssislər tərəfindən cavablandırılaraq, saytımızın "Maarifləndirmə" pəncərəsinin müvafiq bölmələrində yerləşdiriləcək.

                                              Hüquqi maarifləndirmə

 

Sualların göndəriləcəyi elektron ünvan: office@bilikfondu.gov.az

Mövzu: Cinayət hüququ

Suallara cavab verir:Nazim Kazım oğlu Əliyev - AMEA Hüquq və İnsan Haqları İnstitutunun  aparıcı elmi işçisi,  Milli Aviasiya Akademiyasının “Hüquqşünaslıq” kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru

 

1. Şəxs cinayət qanununda nəzərdə tutulmuş əməli törətsə də, əməlin və  onun nəticələrinin ictimai təhlükəliliyini dərk etməmişdirsə cinayət məsuliyyətinə cəlb edilə bilərmi?

Cavab: Azərbaycan Respublikasının 1999-cu il 30 dekabr tarixli qanunu ilə təsdiq edilən və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 7-ci maddəsi “Təqsirə görə məsuliyyət prinsipi” adlanır. Həmin maddəyə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Ümumiyyətlə, təqsirlə bağlı olmayan, yəni qəsdən, yaxud ehtiyatsızlıqdan törədilməyən əmələ görə məsuliyyət  yaranmır. Ona görə də şəxs tərəfindən törədilən əməlin cinayət qanununda nəzərdə tutulmuş olmasına baxmayaraq, o, həmin əməlin ictimai təhlükəli nəticələrini dərk etməmişdirsə və bu imkana malik olmamışdırsa, həmin əmələ görə cinayət məsuliyyətinə cəlb edilə bilməz.

 

2. Şəxs eyni bir cinayətə görə neçə dəfə cinayət məsuliyyətinə cəlb oluna bilər?

 

Cavab: Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Bu müddəa həmçinin Azərbaycan Respublikasının qoşulmuş olduğu «Mülki və siyasi hüquqlar haqqında» 1966-cı il tarixli Beynəlxalq Paktın 14-cü maddəsinin 7-ci bəndində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun (Strasburq, 22.11.1984) 4-cü maddəsinin 1-ci bəndində təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə əsaslanan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.2-ci, Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddələri də eyni əməlin törədilməsinə görə iki dəfə cinayət məsuliyyətinə cəlb olunmanı qadağan edir. Ona görə də şəxs eyni bir cinayətə görə yalnız bir dəfə cinayət məsuliyyətinə cəlb olunub məhkum edilə bilər.

 

3. Cinayət törətmiş şəxsə onun ləyaqətini alçaldan xarakterli cəza tətbiq edilə bilərmi?

 

Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı prinsiplərdən biri humanizm sayılır. Humanizm prinsipi iki aspektdə təzahür edir: 1) cinayətdən zərər çəkmiş şəxsə qaygının göstərilməsi; 2) cinayət törətmiş şəxsə mərhəmətli münasibətin bəslənilməsi. Humanizm prinsipi cinayət törətmiş şəxsə onun ləyaqətini alçaldan xarakterli cəzanın, işgəncənin, qeyri-insani rəftarın tətbiqini qadağan edir. Bu müddəa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində bilavasitə təsbit olunmuşdur.

 

4. Törədildiyi zaman cinayət sayılmayan, lakin sonradan cinayət sayılan əmələ görə şəxs cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

 

Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.

 

5. Xarici ölkələrin (məsələn, Rusiya Federasiyası, Gürcüstan Respublikası) ərazisində başlanılmış, lakin Azərbaycan Respublikası ərazisində başa çatmış cinayətlərin törədilməsində təqsirkar olan şəxslər hansı ölkənin cinayət qanunu ilə məsuliyyətə cəlb olunurlar?

 

Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 11-ci maddəsi “Cinayət qanununun Azərbaycan Respublikası ərazisində törədilən cinayətlərə görə qüvvəsi” adlanır. Həmin maddədə müəyyən edilmiş şərtlərdən biri də ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Ona görə də xarici ölkələrin ərazisində başlanılmış, lakin Azərbaycan Respublikası ərazisində başa çatmış cinayətlərin törədilməsində təqsirkar olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb olunurlar.

Tarix: 02.02.2017

Son xəbərlər