Bilik Fondunda hüquqi maarifləndirmə tədbirləri


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurasının Hüquqi maarifləndirmə bölməsinin növbəti iclası keçirilib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov iclasda iştirak edən alimləri salamlayaraq, Hüquqi maarifləndirmə sahəsində aparılan işlərdə fəallıq göstərdiklərinə görə onlara minnətdarlığını bildirib.

Daha sonra “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirlməsi  və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Sərəncamı geniş müzakirə edilib.

 Hüquqi maarifləndirmə üzrə Koordinasiya Şurasına məlumat verən Bilik Fondunun aparat rəhbəri hüquq elmləri doktoru, professor İsaxan Vəliyev Sərəncamın mahiyyəti və müasir mərhələdə insan hüquq və azadlıqlarının genişləndirilməsi ilə bağlı əhəmiyyəti barədə ətraflı danışıb. Qeyd olunub ki, hüquqi və demokratik prinsiplərə daim diqqət göstərən ölkə rəhbərliyinin bu Sərəncamı humanizmin yeni bir təzahürüdür.

Müzakirələrdə vurğulanıb ki, bu Sərəncamın icrası penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya yol verilməməsinə, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsinə gətirib çıxaracaqdır.

Koordinasiya Şurasının üzvləri Sərəncamdan irəli gələn vəzifələrin şərhi üçün əhali arasında maarifləndirmə işinin aparılması məqsədilə kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar etməyin, Bilik Fondunun bilavasitə dəstəyi ilə penitensiar müəssisələrdə, əmək kollektivlərində, təhsil müəssisələrində müxtəlif dəyirmi masa, seminar və yığıncaqlar keçirməyin vacibliyini irəli sürərək tədbirlər planını təsdiq ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 20.02.2017

Son xəbərlər