Məktəblilərə ilkin tibbi yardımın qaydaları öyrədildi


Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Şəhla Mirzəzadə Bakı şəhərinin Suraxanı rayonu 232 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinə “Təxirəsalınmaz ilkin tibbi yardım” mövzusunda təlim keçib.
 
Məktəbin direktoru Məhluqə Əzizova tədbiri giriş sözü ilə açaraq, şagirdlərin xüsusən tibbi maarifləndirilmə sahəsində bilgiləndirilməsinə böyük ehtiyac olduğunu, bu missiyanı həyata keçirən qurumlara minnətdarlığını bildirib.
 
Bilik Fondunun Beynəlxalq layihələr sektorunun məsləhətçisi Aytən Xubanova yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində Fondun İSİM-lə birgə gördüyü işlər barədə təhsil ocağının müəllim və şagird kollektivinə geniş məlumat verib.
 
İSİM-in həkim-mütəxəssisi Ş.Mirzəzadə ilk yardımın məqsəd və vəzifələrindən söz açaraq, xoşagəlməz hadisə nəticəsində zərərçəkən üçün dərhal təhlükəsiz ətraf mühitin yaradılmasının vacibliyini önə çəkib. Mütəxəssis bildirib ki, ehtiyac olarsa, ilk tibbi yardım göstərilməli və ardından dərhal təcili yardım xidmətinə məlumat verilməlidir.
 
Ş.Mirzəzadə süni tənəffüs verilmə və ürəyin qapalı masajının düzgün icra qaydalarını iştirakçıların nəzərinə çatdırıb. Belə vəziyyətdə ürəyin yerinin təyin olunması, masaj zamanı əllərin döş qəfəsi üzərində düzgün yerləşdirilməsi, eləcə də digər zəruri addımlar diqqətə çatdırılıb.
 
İSİM-in həkim-mütəxəssisi interaktiv formada keçirilən təlim iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırıb.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 08.02.2018

Son xəbərlər