“Təmizlik-sağlamlıqdır” – məktəblilər arasında maarifləndirilmə işi aparılır


Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Zümrüd Kazımovanın "Təmizlik - sağlamlıqdır" mövzusunda maarifləndirici mühazirəsi təşkil olunub.
 
Məktəbin direktoru, Bilik Fondunun Yasamal rayonu üzrə nümayəndəsi Firəngiz Həsənova şagird və müəllim kollektivinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, sağlam həyat tərzinin təbliğatı istiqamətində Fondun Mərkəzlə birgə elm-təhsil ocaqlarında, idarə və müəssisələrdə keçirdiyi görüşlər barədə məlumat verib.
 
İSİM-in mütəxəssisi Z.Kazımova tədbirdə geniş təqdimatla çıxış edərək, gigiyena qaydalarından söz açıb. Bu qaydaların insan sağlamlığında mühüm rol oynadığını vurğulayan mütəxəssis bildirib ki, təmizlik orqanizmin mikroblara qarşı yüksək müqavimətə sahib olması üçün başlıca şərtdir.
 
Məktəbliləri diqqətli olmağa və şəxsi gigiyena qaydalarına riayət etməyə çağıran Z. Kazımova onları saçlara, dəriyə, üzə, dişlərə, qulaqlara, dırnaqlara, ayaqlara, eləcə də paltar və ayaqqabılara necə qulluq göstərilməsi ilə bağlı məlumatlandırıb.
 
Xüsusən əllərin düzgün yuyulma vacibliyini diqqətə çatdıran mütəxəssisin sözlərinə görə, sabundan istifadənin nəticəsində tənəffüs yollarının yoluxucu infeksiyalara tutulması 23 faiz azalır.
 
Tədbirin sonunda şagirdlərə İSİM tərəfindən hazırlanan bukletlər təqdim olunub və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 26.04.2018

Son xəbərlər