Azərbaycan dilini öyrənən rusdillilər Dram Teatrında oldular


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində “Jen Mironosets” Rus Provaslav kafedral kilsəsində ödənişsiz əsaslarla rusdilli vətəndaşlar üçün təşkil edilmiş təlim kursunun dinləyiciləri Fondun dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olublar.
 
Kurs iştirakçıları Mədəniyyət Nazirliyinin sifarişi ilə məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanmış “Sinif yoldaşları” tamaşasına baxıblar.
 
“Azərbaycan dilini öyrənirik” layihəsi üzrə təlimlər Mixail-Arxangel pravoslav kilsəsində 2015-ci ilin fevralından keçirilir. Kilsənin də dəstək verdiyi kursun təlimçiləri müsabiqə yolu ilə ali və orta məktəblərdən seçilmiş təcrübəli müəllimləridir. Dinləyicilərə Azərbaycan dilinin qaydaları tədris olunmaqla yanaşı, Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı ilə bağlı məlumatlar verilir, müxtəlif tarixi məkanlara səfərlər təşkil olunur, iştirakçılar teatr tamaşalarına dəvət olunur, tanınmış elm və mədəniyyət xadimləri ilə görüşürlər.
 
“Azərbaycan dilini öyrənirik” layihəsinin əsas qayəsi multikulturalizmin həyat tərzi olduğu Azərbaycanda yaşayan, dövlət dilini öyrənmək arzusunda olanlara kömək göstərmək, onlara azərbaycançılıq məfkurəsini, dövlətçilik ruhunu təlqin etmək, tolerantlıq prinsiplərini aşılamaqdır.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 05.11.2018

Son xəbərlər