Dadaş Əliyev: "İndiki dövrdə belə, inşa edilən evlər tələb olunan qaydalarla tikilməlidir"


Turizm cəhətdən məşhur olan bölgələrimiz çoxdur. Onlardan biri də İsmayıllı rayonunun Lahıc qəsəbəsidir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və BDU-nun jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə yaradılan “Gənc jurnalistlər” Klubunun “Tədrisdən təcrübəyə” təlim kursu iştirakçılarına 25 nəfərlik heyətlə bu məkana səyahət etmək nəsib oldu. Yol boyu apardığımız maraqlı müzakirələr, dinlədiyimiz mahnılar əslində orada qarşılaşacağımız gözəl hadisələrin bir başlanğıcı idi. Nəhayət Lahıca çatdıq.

 
Əsas məqsədimiz tariximizi və o tarixlə çuğlaşan bu günümüzü öyrənmək, ilk qələm nümunəsi ilə yazılar hazırlamaq, tədrisdən təcrübəyə keçə bilmək bacarığımızı göstərmək idi.
 
Bizi Lahıc qəsəbəsinin Turizm İnformasiya Mərkəzinin direktoru Dadaş Əliyev qarşıladı. Elə həmin an qərar verdim: yazım Dadaş müəllimlə müsahibə olacaq. Bu da həmin müsahibə.
 
- Dadaş müəllim, necəsiniz?
 
- Sizi Lahıcda gördüm daha yaxşı oldum. "Müəllim" deyə müraciət etdiniz. Bu müraciət həmişə eşitdiyim ən gözəl sözdür. Lahıc qəsəbəsinin ədəbiyyat müəllimiyəm, sənətimi heç nəyə dəyişmərəm.
 
- Lahıc niyə bu qədər məşhurdur?
 
- Lahıc Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Xalq sənətkarları, özünəməxsus adət - ənənələri və gözəl təbii landşaftı ilə məşhurdur. Dəniz səviyyəsindən 1200-1500 hündürlükdə, dağlıq ərazidə yerləşən qəsəbədir. Niyal silsiləsinin ətəyində və Girdimançayın yuxarı axarında yerləşir. Hər tərəfi dağlarla əhatə olunub. Nəqliyyat yollarını dağ cığırları əvəz edir. Lahıc sözünün etimologiyası "Həcc yolu " , "Böyük su kənarı" kimi mənalarla izah olunur. Buranın 2000 ildən artıq tarixi var. Tapılmış ox ucları, daş bıçaqlar burada yaşayışın çox qədimlərdən olduğunu sübut edir. Küçələr ağ çay daşları ilə döşənib. İndiki dövrdə belə, inşa edilən evlər tələb olunan qaydalarla tikilməlidir. Evlərin görünən hissəsi çay daşları, pəncərələri və qapıları taxtadan olmalıdır. Hətta məhəllələrdə maşın saxlamaq olmaz. Qışları çox soyuq olduğu üçün evlərin divarlarının qalınlığı bəzən 90 santimetrə çatır. Bu qaydalara əməl olunmaqla Lahıcın tarixi görünüşü qorunur.
 
- Lahıcın turizm cəhətdən inkişafına səbəb olan əsas gerçəkliklər hansıdır?
 
- Lahıcda ən məşhur sənət misgərlikdir. 100 illərdir ki, Lahıc misin hazırlanma mərkəzidir. Maraqlısı odur ki, Lahıcda mis çıxarılmadığı halda, mis məhsulları ilə məşhurdur. Əvvəllər hazırlanmış məhsullar İrana, Kiçik Asiyaya ixrac edilirdi. Misin özü isə Tiflisdən, Gədəbəydən, Suriyadan və Türkiyədən gətirilirdi. Hazırlanan məhsullar çox gözəl zövqlə, naxışlarla bəzədilirdi. Vaxtilə 200-ə yaxın misgərlik dükanları olub. Ancaq indi bu sənətə maraq azalıb. Ağır sənət olduğu üçün öyrənmək, davam etdirmək istəyən tələbələr azdır. Bundan başqa, dəmirçilik, çəkməçilik, xalçaçılıq, corab və papaq toxuculuğu turistlərin diqqətini çəkir, maraqlarına səbəb olur. Papaqçılıq sənəti çox qədimdir. Hətta rus çarlarının qoyduqları əfsanəvi "Manomax" papağının məhz Lahıcda hazırlandığı deyilir. Əbəs yerə Lahıca “qırx sənət şəhəri" deməyiblər. Təbiəti, tarixi, füsunkarlığı Lahıcı turistlərin sevimli məkanına çevirib.
 
- Yerli əhalinin əsas dolanışığı nədən asılıdır?
 
- Bildiyimiz kimi, Lahıc dağlıq ərazidir. Geniş ərazisi yoxdur və kənd təsərrüfatı sahəsində bəxti gətirməyib. Ona görə də əkin sahələri yoxdur. Qışı da uzun və soyuq olur. Heyvan saxlamaq çətinləşir. Ərzaq məhsulları kənardan gəlir. Lahıc digər kəndlərin bir növ satış bazarıdır. Əhalinin çoxu ticarətlə məşğul olur.
 
- Deyilənə görə, Lahıc 7-lər üzərində qurulmuş qəsəbədir. Bu faktın mistikasını izah edə bilərsiniz?
 
- Ümumiyyətlə, 7 rəqəmi müqəddəs sayılır. Bizim üçün də simvolik xarakter daşıyır. Deyilənə görə vaxtilə Koroğlunun 7777 dəlisi olduğu kimi, Lahıcda da 7777 sakin yaşayıb. Bunlardan əlavə qəsəbənin 7 məhəlləsi, 7 məscidi, 7 mədrəsəsi, 7 hamamı, 7 bulağı olub və bu ərazi 7 dağla əhatə olunur. Ancaq bu gün həmin rəqəmin "simvolika"sı, demək olar, dağılıb. Sadaladıqlarımın sayı daha 7 rəqəmi ilə az bağlıdır
 
- Lahıc mətbəxinin ən dadlı yeməkləri hansılardır?
 
- Ən dadlı yeməklər dolma və aşdır. Bizdə ildə bir dəfə yetişən tərəvəz vardır. Ona yaşıl lobya deyirik. Çox dadlı olur və aşa dad qatan da odur. Dolmanın isə 3 növü var: heyva yarpağı, üzüm yarpağı və pip yarpağı ilə bişirilən dolmalar. Pip fıstıq yarpağıdır. Hər birinin özünəməxsus dadı vardır. Pip yarpağı dadsız və ətirsizdir. Üzüm yarpağı turşdur. Heyva yarpağı isə yumşaq və ətirlidir. Əgər ət yağlı olarsa, heyva yarpağı həzmə kömək edir.
 
- Belə dağlıq əraziyə qaz xətti çəkilib. Uzun illər təbii qazı olmayan əhali yəqin bu hadisəni bayram əhvalı ilə qarşılayıb...
 
- Əlbəttə. Lahıclılar üçün çox sevindirici bir gün idi. Bilirsiniz ki, qaz xətlərini dağlıq ərazilərə çəkmək çox çətindir. Bizim ağlımıza gəlməzdi ki, bir gün Lahıcda qaz olacaq, qışı sərt keçən ərazidə bundan sonra evlər qazla isinəcək, evlərə rahatlıq gələcək. Ancaq Cənab Prezidentimiz bunu bizim üçün etdi. İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyeva qazın verilməsi mərasimində iştirak etdilər. Eyni zamanda Dəmirçi-Lahıc avtomobil yolunun açılışı da oldu. Hər iki hadisənin eyni günə düşməsi hadisəsi hafizəmizdə unudulmaz gün kimi qaldı. Hər dəfə xatırlayır, səbəbkarlara, dövlətimiz və vətənimizin varlığına dualar oxuyuruq.
 
- Deyilənə görə buraların ən böyük daş evi 72 otaqlıdır. Həqiqətəndəmi belə bir ev var?
 
- O tikili qəsəbənin ən möhtəşəm abidəsidir. 3 mərtəbəli, 72 otaqlı ev Hacı Paşa evidir. 18-ci əsrin ortalarında 14 ilə tikilib. Bu binanı lahıclılar “Hacılar həyəti” də adlandırırlar. Bina tarix mədəniyyət qoruğu elan olundu. Lakin bu abidənin qorunub saxlanması üçün bir tədbir görülmür. Bina ildən-ilə dağılır. Tarixi əhəmiyyət daşıyan və turistlərin diqqət mərkəzində olan bu abidəni təmir etsək, böyük turist axını Lahıca gələr, bu da hər mənada xeyirlidir.
 
- Ölkə ərazisində ilk kanalizasiya sistemi məhz Lahıcda olub, deyirlər. Bu məlumat nə dərəcədə düzdür?
 
- Bəli, qəsəbədə 1500-dən artıq yaşı olan su və kanalizasiya sistemi fəaliyyət göstərir. Lahıcın ilk məhəlləsinin əsası 3-4-cü əsrlərdə qoyulub. Kanalizasiya sistemi borulardan yox daşlardan tikilib. Maraqlısı budur ki, heç birimiz kanalizasiyanın harada başlayıb, harada qurtardığını, hansı prinsiplə işlədiyini bilmirik.
 
- Tarixi özündə əks etdirən bu qəsəbənin Tarix Diyarşünaslıq Muzeyi zəngindirmi?
 
- Əvvəllər məscid olmuş bu abidə 1992-ci ildən dövlət statusu alıb və muzey kimi fəaliyyət göstərir. Burada 2000-ə yaxın eksponat qorunub saxlanılır. Muzey 10 ekspozisiya və müxtəlif şöbələrdən ibarətdir. Muzeydə vaxtilə Lahıcda istehsal olunan silahlar var. Deyilənlərə görə, Lahıcda 8 silah sexi fəaliyyət göstərib. Muzeyin hücrə hissəsi vardır ki, qadınların ibadəti üçün nəzərdə tutulub. Giriş hissəsi arxa tərəfdədir. Bunlardan əlavə, Lahıcın tanınmış şəxsiyyətləri, şəhidlərinin rəsmləri və onlar haqqında məlumatlar da muzeydə qorunur.
 
 
- Lahıcın tanınmış şəxsiyyətlərindən bir neçəsinin adını çəkə bilərsinizmi oxucular onları daha yaxından tanısınlar?
 
 
- Bu diyar çox görkəmli şəxsiyyətlər və dəyərli insanlar yetişdirib. Bir çoxlarının adını çəkmək olar. Dünyaca məşhur astronom və astrofizik Nadir İbrahimov Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda apardığı müşahidələr nəticəsində Mars, Venera və Yupiterin planetlərinin İo peykinin öyrənilməsində böyük uğurlar əldə edib. O, Mars planetinin böyük qarşıdurması zamanı Yerlə Mars planeti arasında ən qısa məsafəni aşkara çıxarıb, onun irimiqyaslı, çoxsaylı təsvirlərini əldə edib və planetin xəritəsini çəkib.
 
Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patras şəhərində keçirilən Baş Assambleyasında Mars səthindəki kraterə onun adı verilib.
 
Soltan Cəfər oğlu Mehdiyev - kimya üzrə fəlsəfə doktoru, professordur. Xalqlar dostluğu ordeni, Fədakar əməyə görə medalı ilə təltif olunub və Əməkdar elm xadimi fəxri adına layiq görülüb. Şövkət Səlimovanın da adını çəkmək olar ki, o, bizim kişi qeyrətli qadınlarımızdandir. İkinci dünya müharibəsi zamanı gəmi kapitanı olub. Alimlər Zöhrab Mehdiyevi, Əkrəm Cəfərov, Ağa Mehdiyevin adlarını çəkmək olar. Lahıcın bu gün də alimləri, ziyalıları, ictimai xadimləri çoxdur. Yeni nəslin nümayəndələri arasında da elm adamları yetişməkdə davam edir. Sevindirici haldır ki, Prezidentimizin diqqət və qayğısının nəticəsində 1928-ci ildə tikilmiş məktəb binasının yerinə yeni məktəb binası istifadəyə verildi. Lahıc bundan sonra da dövlətimizə layiqli şəxsiyyətlər bəxş edəcək.
 
 
Ayşən Bayramova
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondu "Gənc Jurnalistlər" Klubunun üzvü
Tarix: 10.11.2018

Son xəbərlər