Bilik Fondu Azərbaycan Universitetində mühazirə təşkil edib


Azərbaycan Universitetində Dünya Diabet Günü ilə bağlı “Diabet riski yaradan həyat tərzi” mövzusunda mühazirə təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə reallaşan mühazirəni Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Şəhla Mirzəzadə aparıb.

Bilik Fondunun məsləhətçisi Aytən Xubanova tələbələrə qurumun fəaliyyəti və müxtəlif sahələr üzrə həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında məlumat verib. Bildirib ki, Fondun əsas fəaliyyət istiqamətlərindən biri gənclərin tibbi cəhətdən maarifləndirilməsidir.

Həkim-mütəxəssis Şəhla Mirzəzadə qeyd edib ki, diabet qeyri-infeksion xəstəliklər arasında dörd ən geniş yayılmış xəstəlikdən biridir və qlobal davamlı inkişafa təhlükə yaradır. Qeyri-sağlam həyat tərzi bu xəstəliyin ortaya çıxmasının başlıca səbəbidir. Düzgün qidalanma və düzgün həyat tərzi xəstəliyin qarşısını alan əsas amillərdəndir.

Mühazirə xəstəliyin simptomları, fəsadları, profilaktikası və müalicəsi ilə bağlı məlumatları əhatə edib. Bildirilib ki, ölkədə şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər aparılır. 2003-cü ildə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun Milli Məclis tərəfindən qəbul edilib. 2004-cü ildə Prezident İlham Əliyev bu qanunun tətbiqi ilə bağlı müvafiq Fərman imzalayıb. Dövlətimizin başçısının 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” təsdiq edilib.

Sonda tələbələrin sualları cavablandırılıb, mühazirə ətrafında fikir mübadiləsi aparılıb.

Tarix: 15.11.2018

Son xəbərlər