Bilik Fondu Mir Cəlal Paşayevin 110 illiyini “Xatirələr”lə qeyd etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayevin çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutduğunu deyib. O.Səmədov tələbələrin Mir Cəlal yaradıcılığına müraciət etməsini yüksək dəyərləndirib.

Fondun dəstəyi ilə fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyinin işini alqışlayan Kollecin direktoru Qulu Novruzov bildirib ki, bu gün Mir Cəlal Paşayevin təkcə elmi və ədəbi irsi tədqiq edilmir, həm də onun şəxsi keyfiyyətləri, pedaqoji fəaliyyəti əsl örnək kimi öyrənilir.

Tədbirdə dərnəyin bədii rəhbəri, əməkdar artist Məmməd Səfanın Mir Cəlal Paşayevin hekayələri əsasında hazırladığı “Xatirələr” tamaşası nümayiş olunub.

Tamaşada Kollecin dram dərnəyinin üzvü olan 17 tələbə rol alıb. Obrazlar Mir Cəlal Paşayevin hekayələrinin ayrı-ayrı personajlarıdır. Ədibin özünün obrazı tamaşa boyu hekayələrinin personajları ilə səhnədə olur.

Tamaşanın ikinci premyerası Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yeni istifadəyə verilmiş Mədəniyyət evində gözlənilir.


Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 01.05.2018

Son xəbərlər