“Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı kitabın təqdimatı keçirildi


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmiş “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı kitabın təqdimat mərasimi keçirilib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində baş tutmuş tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.

Akademik İ.Həbibbəyli deyib: “Heydər Əliyev ədəbiyyatı, Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirmiş və inkişaf etdirmişdir. Məhz Ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində XX əsrin 70-80-ci illərindən Azərbaycan ədəbiyyatı milli-mənəvi dəyərləri vəsf etmiş və xalqın tarixi ilə bağlı mövzulara və şəxsiyyətlərə doğru böyük dönüş baş vermişdir. Bu isə nəticə etibarilə Azərbaycanda cəmiyyət həyatında ümummilli ideallar uğrunda mübarizənin böyük hərəkat səviyyəsinə qaldırılmasına gətirib çatdırmışdır”.

Akademik qeyd edib ki, “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” kitabında ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazı tədqiqata cəlb edilib, görkəmli sənətkarların və yeni ədəbi nəsil nümayəndələrinin bu istiqamətdəki yaradıcılıq axtarışları geniş təhlil olunaraq elmi-nəzəri ümumiləşdirmələr aparılıb.

Tədbirdə çıxış edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Ulu öndər Heydər Əliyevin Azərbaycan-Misir əlaqələrinin banisi olduğunu bildirib. O qeyd edib ki, Misirdə xarici dövlət liderlərindən yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin heykəli ucaldılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında geniş oxucu kütləsinə təqdim edilən kitabı ədəbiyyatda Ulu öndərin obrazını əks etdirən mühüm tədqiqat əsəri kimi dəyərləndirib və bildirib ki, monoqrafiya tədqiqatçılar, mütəxəssislər üçün faydalı mənbədir.

Tədbirdə AMEA-nın müxbir üzvü Tehran Mustafayev, tanınmış alimlər -  filologiya üzrə elmlər doktorları Yaşar Qasımbəyli, Elnarə Akimova, professor İmamverdi Həmidov çıxış edərək, “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” kitabı haqqında fikirlərini bölüşüblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti

Tarix: 08.05.2018

Son xəbərlər