Qarabağ Regional Bilik Evində Milli Qurtuluş Günü qeyd olundu


Qarabağ Regional Bilik evinin təşkilatçılığı ilə Tərtər rayon 2 nömrəli məktəb-liseydə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə yerli ziyalılar və ictimaiyyətin nümayəndələri, məktəblilər iştirak ediblər.
 
Əvvəlcə iştirakçıların ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova tədbirə toplananları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb, məruzə etmək üçün sözü Qarabağ Regional Bilik Evinin mütəxəssisi İradə Əkbərliyə verib. İ.Əkbərli bildirib ki, hər bir xalqın taleyində elə gün olur ki, həmin gün xalqın müqəddəratını həll edir, yüksək dəyər kəsb edir. Hər il iyunun 15-də bayram etdiyimiz Milli Qurtuluş Günü də bizim xalqımızın taleyində dönüş nöqtəsinə çevrilən belə günlərdəndir.
 
Məruzədə bildirilib ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, ilk illərdə siyasi hakimiyyət səriştəsizliyi, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarında boşluq müşahidə olunurdu. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq göstərən Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
 
Məruzədən sonra şəhər 2 saylı məktəb-liseyin tarix müəllimləri Aybəniz Mustafayeva, Səbinə Zeynallı, məktəbin X sinif şagirdi Ülviyyə İsmayıllı çıxış edərək o dövrün siyasi-tarixi mənzərəsi barədə iştirakçılara məlumat veriblər.
 
Tədbirin sonunda məktəblilər Azərbaycana, Ulu Öndərə aid şeirlər söyləyiblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
 
Tarix: 13.06.2017

Son xəbərlər