Qarabağ Regional Bilik evi əsgərlərə hədiyyələr verdi


26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonunda yerləşən hərbi hissələrdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbirləri keçirilib.

Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, Qarabağ Regional Bilik evinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hərbi hissələrin şəxsi heyəti qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb, ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmləndiyini, ordumuzun maddi-texniki bazasının gücləndiyini və döyüş qabiliyyətinin artdığını diqqətə çatdırıb.

Bayram tədbirlərində N saylı hərbi hissənin komandirləri Saqi Babayev, Vüqar Şıxlinski, Vüsal Əzizov, Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri Pənah Məmmədov, Qarabağ veteranları Elburus Sadıqov, Nəriman Sadıqov və başqaları da çıxış edərək bildiriblər ki, Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü ordusudur və işğal altında olan torpaqlarımızı hər zaman azad etməyə qadirdir.

Qarabağ Müharibəsi veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Ruslan Quliyevə və N saylı hərbi hissənin komandiri Vüsal Əliyevə “Vətən naminə” medalı təqdim olunub.

Sonda rayon icra hakimiyyəti tərəfindən bir qrup hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə Fəxri Fərmanlar, Qarabağ Regional Bilik evi tərəfindən stolüstü idman oyunları və kitablar hədiyyə olunub.

Tədbirlər konsert proqramı ilə başa çatıb.

Tarix: 26.06.2017

Son xəbərlər