Qarabağ Bilik evi gənclərdə mütaliəyə maraq yaradır


Qarabağ Regional Bilik evinin təşəbbüsü ilə Tərtər gənclərinin bir qrupu rayon Ağsaqqallar Şurasının üzvü, elektromexanika zavodunun keçmiş direktoru Rauf Həsənzadənin qonağı olub. Məqsəd onun 12 mindən çox kitabı olan şəxsi kitabxanası ilə tanışlıq idi.
 
Rauf Həsənzadə bildirib ki, şəxsi kitabxanası ötən əsrin 80-ci illərindən təşkil olunub. Burada 1717-ci ildə birinci Pyotrun sifarişi ilə çap olunmuş “Məişətdə davranış qaydaları” (rus dilində) kitabından tutmuş keçmiş SSRİ-nin tərkibində xalqların yaşam tərzini, Avropa ölkələrinin mədəniyyətini əks etdirən, ermənilərin Azərbaycan torpaqlarına köçürülmələrinə və bu torpaqlarda törətdikləri vandalizm aktlarını əks etdirən məlumatlarla zəngin kitablar vardır. Rəflərdə yerləşən kitablar içərisində ensiklopediyalar, dünya ədəbiyyatından, xalq təbabətindən bəhs edən kitablar üstünlük təşkil edir.
 
Gəncləri mütaliəyə səsləyən Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Rauf Həsənzadə kitablarla bağlı onları maraqlandıran suallara ətraflı cavab verib. Görüş gənclərdə xoş təəssürat yaradıb.
 
Qarabağ Regional Bilik evinin aparıcı mütəxəssisi İradə Əkbərli gənclər adından xatirə olaraq Rauf Həsənzadənin şəxsi kitabxanasına kitablar hədiyyə edib.
 
Görüşdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Svetlana Əzizova, rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Heydər Əliyev Fondunun Yuxarı Qarabağ Regional İnkişafı İctimai Birliyinin nümayəndəsi Nigar Məstəlizadə, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, təhsil, mədəniyyət və mətbuat nümayəndələri iştirak ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 07.08.2017

Son xəbərlər