Tərtərdə Yeni Azərbaycan Partiyasının 25 illiyi keçirilib


Tərtər Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatı və Qarabağ Regional Bilik Evinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
 
Tədbir iştirakçıları rayonun mərkəzi meydanında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.
 
Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov hakim partiyanın respublikanın aparıcı siyasi qüvvəsi olduğunu qeyd edib, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş, böyük tarixi hadisə kimi dəyərləndirib.
 
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP-ın böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazandığını, öz adında böyük bir məqsədi birləşdirdiyini söyləyib.
 
İcra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ardıcıl və köklü islahatlar aparılır, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir.
 
Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova hakim partiyanın cəmiyyətin inkişafına yönəlmiş sosial layihələrin müəllifi olduğunu diqqətə çatdıraraq, gənclərin dövlətçilik və milli maraqlar ətrafında sıx birləşməsində YAP-ın rolundan danışıb.
 
G.Əkbərova çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın lider dövlətinə çevrildiyini xüsusilə vurğulayıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 28.10.2017

Son xəbərlər