Bilik Evində Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş oldu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İl boyu bilik” proqramı üzrə “Vətənin pərvəri ol!” layihəsi çərçivəsində Fondun Qarabağ Regional Bilik Evi və Tərtər Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.

Qarabağ müharibəsi əlilləri və veteranları ilə rayon məktəblilərinin Tarix-Diyarşünaslıq Muzeyində görüşü tədbir iştirakçılarının Dövlət himnini birgə ifa etməsi ilə başlayıb. Qarabağ müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Bilik Evinin müdiri Gülarə Əkbərova “Vətən sizə oğul deyir” mövzusunda mühazirə ilə çıxış edərək, sağlamlığını torpaqlarımızın bütövlüyü uğrunda qurban vermiş hər bir vətəndaşın dövlət tərəfindən xüsusi qayğı ilə əhatələndiyini diqqətə çatdırıb, belə görüşlərin gənc nəslin formalaşmasında böyük təsir gücünə malik olduğunu bildirib.

Muzeyin direktoru Aybəniz Şahbazi çıxışında bildirib ki, bu gün ölkəmizdə müşahidə edilən sürətli inkişaf sağlamlığını cəbhədə itirmiş hər bir döyüşçünün canı, qanı bahasına başa gəlib.

Tərtər batalyonunun keçmiş qərargah rəisi, hazırda istefada olan mayor Pənah Məmmədov gənclərə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyindən danışıb, belə görüşlərin davamlı olmasını arzulayıb.

Qarabağ müharibəsi veteranları Fəqan Qurbanov və Eldəniz İbadov iştirakçılarla döyüş xatirələrini bölüşüblər. Tədbirin sonunda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 03.12.2018

Son xəbərlər