Bilik Fondundan bölgə gənclərinin peşə hazırlığına töhfə


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin maarifləndirilməsi ilə yanaşı, gənclərin müxtəlif peşələrə maraqlarının artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi, məşğulluğunun təmin edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir.

Bilik Fondunun təşkilatçılığı ilə fəaliyyət göstərən Astara Bilik Evindəki "Toxuculuq" kursunda 12 gənc qız ödənişsiz əsaslarla qədim el sənətinin sirlərini öyrənir. Rayonda təcrübəli və peşəkar toxucu kimi tanınan Şaxanım Zülfüqarovanın rəhbərliyi ilə keçirilən təlimlərdə iştirak etmək, toxuculuq bacarığına yiyələnmək və bu qədim el sənətini yaşatmaq istəyənlərin sayı getdikcə artır.

Burada gənc toxucular üçün lazım olan dəzgah, avadanlıq və müxtəlif növ alətlər kurs dinləyicilərinin istifadəsinə verilmişdir. Bilik Fondu gənc toxucuların əməyinin məhsullarından ibarət yaradıcılıq sərgiləri təşkil etmək, bu əməyi dəyərləndirməklə yaradıcılıq nümunələrini əldə etmək və müxtəlif mövzuda keçirilən tədbirlərin iştirakçılarına, bilik yarışları və müsabiqələrin qaliblərinə hədiyyə etmək niyyətindədir.

Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla bildirib ki, bundan əvvəl Qax və Nardaran Bilik evlərində “Avto Azərbaycan” MMC ilə birlikdə həyata keçirilmiş layihə çərçivəsində 24 gənc avtomobillərə texniki xidmət üzrə üç aylıq təlim kursu keçərək, müvafiq sertifikatlara layiq görülüb, onlardan bir çoxu işlə təmin olunub. Bölgə gənclərinin asudə vaxtının səmərəli təşkili, müxtəlif peşələrə maraqlarının artırılması, məşğulluğunun təmin olunmasına əməli dəstək göstərilməsi istiqamətində Bilik Fondunun və bölgələrdə fəaliyyət göstərən Bilik evlərinin tədbirləri bundan sonra da davam edəcəkdir.

Tarix: 22.08.2017

Son xəbərlər