Bilik Fondu çaybecərənlərlə iqtisadi mövzuda maarifləndirici görüş təşkil edib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tez-tez sənaye müəssisələrində, əmək kollektivlərində maarifləndirici görüşlər keçirir, ictimai-siyasi mövzularda silsilə mühazirələr təşkil edir.

AZƏRTAC xəbər verir ki, “Astaraçay” MMC-nin çay emalı fabrikinin işçiləri ilə keçirilən görüşdə Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin ötən il imzaladığı Fərmandan irəli gələn vəzifələrdən danışıb. Sektor müdiri bildirib ki, ölkəmizdə rəqabətəqabiliyyətli məhsul istehsalının genişlənməsinə, ənənəvi məhsul istehsalının inkişafına bu müəssisə layiqli töhfələr verir. Yaponiya və Koreyanın son texnologiyaları ilə qurulub tam avtomatlaşdırılmış rejimdə işləyən fabrikin təcrübəsi öyrənilməyə, təbliğ edilməyə layiqdir. Fondun strateji yol xəritələrinin mahiyyətinin cəmiyyətə çatdırılmasını nəzərdə tutan “İqtisadi maarifləndirmə” layihəsinə uyğun olaraq həyata keçirilən tədbirlər məhz bu məqsədə xidmət edir.

Qeyd olunub ki, Bilik Fondu yerli məhsul istehsalının artmasına, fermer təsərrüfatlarının qabaqcıl təcrübələrinin yayılmasına, xarici ölkələrin son elmi-praktik nailiyyətlərinin tətbiqinə yardımçı olmağa hazırdır və fabrik rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən bu istiqamətdə birgə fəaliyyət göstərəcək.

Fabrikin sex rəisi Azad Hüseynov Prezident İlham Əliyevin “Astaraçay” MMC-nin çay emalı fabrikində çaybecərənlərlə unudulmaz görüşündən, dövlətimizin başçısının dəyərli məsləhətlərindən sonra müəssisədə əldə olunan uğurlardan söhbət açıb.

Məlumat verilib ki, çay fabrikinin günlük istehsal gücü hazırda 10 tondur. Müəssisənin fəaliyyətə başlaması bölgədə məhsul istehsalının artmasına stimul verib. Çay emalı zamanı heç bir kimyəvi qatqılardan istifadə edilmir. Bu ilin may ayında Yaponiyadan gəlmiş mütəxəssislər şirkətin əməkdaşlarına təlimlər keçiblər. Fabrikin istehsal gücünün 58 tona çatdırılması layihəsinin reallaşması üçün konkret işlərə başlanılıb. Bundan əlavə, Almaniyanın “LACON” şirkəti çay fabrikinin məhsulları üzərində ekoloji müşahidələr aparıb və fabrik 2016-cı ildə beynəlxalq ISO 9001 və ISO 14001 sertifikatlarına layiq görülüb.

A.Hüseynov Bilik Fondunun təşkilatçılığı ilə keçirilən belə görüşlərin əhəmiyyətini vurğulayıb, əməkdaşlığın davamlı olacağına inandığını bildirib.

Sonda Bilik Fondu çay email fabrikinə kitablar hədiyyə edib.

Tarix: 28.08.2017

Son xəbərlər