Astara Bilik Evində dərnək üzvlərinə sertifikatlar verildi


Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evində “İl boyu bilik” proqramı üzrə altı ay müddətində fəaliyyət göstərən “Toxuculuq” dərnəyinin məşğələləri uğurla başa vurmuş üzvlərinə sertifikatlar təqdim olunub.
 
Astara Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə dərnək üzvlərinə sertifikatları Mərkəzin direktoru, Astara Bilik Evinin mütəxəssisi Kübra Səmədova və “Toxuculuq” dərnəyinin rəhbəri Şaxanım Zülfüqarova təqdim ediblər.
 
Sertifikat alan­ Aygün Məmmədova, Cəmalə Məmmədova, Esmira Quliyeva, Fatimə Məmmədzadə, Fatimə Əliyeva dərnəyin təşkil olunmasında, astaralı qızların toxuculuq sənətinin sirlərinə yiyələnməsində əməyi keçənlərə minnətdarlıqlarını bildiriblər, həm bu sənətin inkişafı, həm də özlərinin peşə bacarıq vərdişlərinin artırılması üçün həvəslə çalışacaqlarını deyiblər.
 
Bilik Fondunun ölkənin müxtəlif bölgələrində - Bakının Nardaran qəsəbəsi, İsmayıllı, Qax, Oğuz, Gəncə, Şəmkir, Ağstafa, Astara və Ağdaş rayonlarında Bilik evləri fəaliyyət göstərir. Burada Fondun dəstəyi ilə təşkil olunmuş təlim kursları və dərnəklərdə kompüter texnologiyaları, rus və ingilis dilləri, ədəbi yaradıcılıq, rəssamlıq, toxuculuq, bələdçilik üzrə məşğələlər keçirilir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 27.01.2018

Son xəbərlər