Astarada Xalçaçı Gününə həsr olunmuş sərgi açılıb


Mayın 3-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində 5 May - Xalçaçı Gününə həsr olunmuş sərgi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan xalçası beynəlxalq miqyasda tanınır, dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Dövlətin qayğısı nəticəsində 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Toxuculuğun inkişafı haqqında bir sıra qanun və sərəncamlar imzalanıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Astara Bilik Evinin “Toxuculuq” dərnəyinin və rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının əl işlərindən - zövqlə toxunmuş, təbii boyalarla boyanmış xalça və xalça məmulatlarından ibarət sərginin məqsədi xalçaçılıq sənətini yaşatmaq, toxuculuğun bu əsrarəngiz sahəsində çalışan fərdi xalçaçılara dəstək olmaqdır.

Sonra sərgi ilə tanışlıq olub.

Tarix: 05.05.2018

Son xəbərlər