Astara Bilik Evində Mikayıl Müşfiqin yubileyi qeyd olundu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evi və Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.
 
Mərkəzdə gerçəkləşən tədbiri qurumun direktoru Kübra Səmədova açaraq bildirib ki, Müşfiqin adı 1930-cu illər repressiyalarının qurbanına çevrilmiş insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır. Fondun əməkdaşı Elza Kazımova şairin həyat və yaradıcılığı ilə bağlı geniş məruzə ilə çıxış edib.
 
Bildirlib ki, poeziya tarixinə adını qızıl hərflərlə yazan Mikayıl Müşfiqin milli folklordan və klassik ədəbi ənənələrdən bəhrələnməklə yaratdığı dərin lirizmə malik şeirlərini oxucular sevir. Vətənini dərin bir məhəbbətlə sevən Mikayıl Müşfiq onu hər zaman abad, müstəqil, azad görmək istəyirdi. Müşfiq “Ey dan ulduzu” deyib ölkəsinin yeni baharını alqışlayır, arzularını dilə gətirirdi. Bu yanaşma “qırmızı imperiyanın” əlinə bəhanə verirdi. Müşfiqi “məhşər ayağına” çəkənlər ondan bu şeirlərin “əvəzini” çıxırdılar, hesab sorurdular. Amma onun yazdığı şeirlər yaz səhərində parlayan və heç vaxt sönməyəcək parlaq ulduz idi.
 
İştirakçılar Mikayil Müşfiqin həyat və yaradıcılığını əks etdirən filmə baxıblar.
 
Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Zümrüd Hüseynova, Pedaqoji Kollecin tələbəsi Cəmilə Kərimova çıxış ediblər.
 
Tədbirin sonunda Astara şəhər 1 saylı tam orta məktəbin şagirdləri Leyla Abdullazadə, Fatimə Mustafazadə, Zəhra Bağırzadə, Ruhanə Məmmədova, Aliyə Sadıxova, Səbinə Qafarova, Fatimə Həminzadə Mikayıl Müşfiqin şerlərini söyləyiblər.
 
Sonda tədbir iştirakçıları şairin yubileyi münasibətilə təşkil olunmuş sərgiyə baxış keçiriblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 25.10.2018

Son xəbərlər