Bilik Fondu Astarada “QİÇS-dən qorunma yolları” mövzusunda tədbir təşkil etdi


Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Ümumdünya QİÇS-lə Mübarizə Günü" münasibətilə Astara Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə rayonda fəaliyyət göstərən Pedaqoji Kollecin tələbələri, yerli rəsmi orqanların nümayəndələri iştirak ediblər.

Fondun təşkilatçılığı ilə “QİÇS-dən qorunma yolları” mövzusunda keçirilən tədbiri Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov açaraq, sağlam həyat tərzinin qazanılmasında maarifləndirmənin rolundan danışıb, mütəxəssislərin əhali arasında apardığı təbliğat və təşviqat işlərinin önəmini vurğulayb.

Fondun məsləhətçisi Abbas Əliyev təmsil etdiyi qurumun əhalinin tibbi maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində fəaliyyəti barədə ətraflı məlumat verib.

Astara Bələdiyyəsinin sədri Aygül Məmmədova bu səpkili tədbirlərin, xüsusən, bölgələrdə təşkil olunmasının vacibliyindən söz açıb.

Respublikanın Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Lətafət Dadaşova sözügedən xəstəliyə yoluxma səbəbləri və müalicə üsulları haqqında mühazirə ilə çıxış edib.

QİÇS-in ölkəmizdə mövcud vəziyyəti, gənclər arasında bu xəstəliyin yayılma təhlükəsi, virusdan qorunmanın əsas yollarını diqqətə çatdıran L.Dadaşova bildirib ki, bu xəstəliyə yoluxmuş insanlar immun-müdafiə sisteminin kəskin zəifləməsi nəticəsində bir çox digər xəstəliklərə asanlıqla tutulur, nəticədə ölüm riski artmış olur.

L.Dadaşovanın sözlərinə görə, QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan infeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb.

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarını xatırladan həkim-mütəxəssis problemin həlli ilə bağlı görülən tədbirləri, bu infeksiyanın diaqnostika və müalicəsinə dair əhali arasında aparılan təbliğat işlərini xatırladıb.

Tədbirdə həkim-mütəxəssislə iştirakçılar arasında fikir mübadiləsi aparılıb, dinləyicilərə QİCS-in profilaktikası istiqamətində hazırlanan buklet və broşurlar paylanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 03.12.2018

Son xəbərlər