Ağdaş Bilik Evində soyqırıma həsr olunan tədbir


Aprelin 2-də Ağdaş Bilik Evinin təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
 
Tədbirin iştirakçıları olan yerli idarə, müəssisə və təşkilatların, təhsil ocaqlarının nümayəndələri Şəhidlər Xiyabanına gələrək, Vətən uğrunda həlak olan şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 
Heydər Əliyev Mərkəzində təşkil olunan "dəyirmi masa"da Bilik Evinin direktoru Aynur Novruzova 1918-ci ilin martında Rusiya bolşeviklərinin Stepan Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdiyini xatırladaraq, bu təyinatdan sonra Bakıda və digər rayonlarda azərbaycanlılara qarşı kütləvi qırğınlar planlaşdırıldığını və həyata keçirildiyini bildirib.
Çıxış edənlər soyqırımla bağlı faktlara əsaslanan fikirlər səsləndiriblər.
 
İştirakçılar soyqırımdan bəhs edən videoslaydı izləyib, Bilik Evində fəaliyyət göstərən dərnək üzvlərinin hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 02.04.2018

Son xəbərlər