Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi Ağdaşda qeyd olunub


Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra parlamentin və hökumətin ən çox diqqət yetirdiyi məsələlərdən biri milli ordu quruculuğu olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.

Bilik Fondunun sektor müdiri, yazıçı, publisist Hacı Abdulla çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən milli ordu quruculuğu sahəsində qanunvericilik bazası yaradılıb. H.Abdulla Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov və digər sərkərdələrin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun və Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakı, Şamaxı, Qarabağ, Göyçayda erməni daşnak ordu hissələrinə qarşı zəfərli yürüşləri barədə məlumat verib.

Qeyd edilib ki, 1920-ci il aprelin 28-də Rusiyanın ordu birləşmələri heç bir xəbərdarlıq etmədən Azərbaycan sərhədini keçərək Bakıya tərəf istiqamətlənib və Azərbaycan Xalq Cümhuriyyətinin ordu hissəsinin 350 hərbçisi düşmənlə qeyri-bərabər döyüşdə son nəfərə qədər qəhrəmancasına döyüşərək şəhid olub. Rusiyanın XI Qızıl ordusu Azərbaycanı işğal etdikdən sonra milli ordumuzun formalaşmasında və döyüşlərdə iştirak edən 40 mindən çox azərbaycanlı əsgər və zabit qətlə yetirilib, repressiya qurbanına çevrilib. O cümlədən Qarabağ, Zəngəzur, Bakı, Gəncə və digər bölgələrdə bolşeviklərə qarşı üsyan qaldırmış Azərbaycanın Milli Ordusunun əsgər və zabitləri də repressiyalara məruz qalıblar.

Tədbirdə məlumat verilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ordusuna ən böyük tarixi qiyməti məhz ulu öndər Heydər Əliyev verib. Dahi şəxsiyyət Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri olarkən Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan edib, eləcə də 1918-ci il iyunun 26-da milli ordunun yaranması gününü Azərbaycan Silahlı Qüvvələri Günü kimi təsis edib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirib, Silahlı Qüvvələrimizin gücü Ermənistana və dünyaya nümayiş olunub.

Sonra mühazirəçi Hacı Abdulla tədbir iştirakçılarının suallarını cavablandırıb.

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova Bilik Fondu ilə sıx əməkdaşlığın qurulduğunu, son dörd ildə Fondun təşkilatçılığı ilə Ağdaşda silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib. O, Ağdaşda Bilik Evinin yaradılması və orada müxtəlif kursların açılması, gənclərin həmin dərnəklərdən pulsuz faydalanması barədə məlumat verib.

Sonda Bilik Fondunun təşkilatçılığı ilə keçirilən “Cümhuriyyət tariximiz -qürurumuzdur” respublika bilik müsabiqəsində qalib gələn Ağdaş Dövlət Humanitar Kollecinin 4 tələbəsinə sertifikatlar təqdim olunub.

Tədbir iştirakçıları Ağdaş Bilik Evinin toxuculuq kursunda təlim keçən gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tarix: 22.06.2018

Son xəbərlər