Ağdaş Bilik Evində dinləyicilərə sertifikat və tərifnamələr verildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Ağdaş Bilik Evində fəaliyyət göstərən “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlim kursu və “Toxuculuq” dərnəyində məşğələlərin başa çatması ilə əlaqədar Ağdaş rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
 
Təlim kursunun dinləyiciləri Bilik Fondunun baş məsləhətçisi Nüşabə Hüseynova, Ağdaş rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Möhlüd Hacıxanov və kursun təlimçisi Sərxan Nemətovdan ibarət imtahan komissiyasının qarşısında öz bilik və bacarıqlarını nümayiş etdirib, kurs üzrə sualları cavablandırıblar.
 
İmtahan başa çatdıqdan sonra 16 nəfərdən ibarət “Toxuculuq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Sərgidə rəngli saplardan və iplərdən müxtəlif üsullarla işlənmiş, ayrı-ayrı mövzulara həsr olunmuş 50-dən çox iş sərgilənib.
 
Sonra “Kompüter texnologiyaları və kargüzarlıq” təlim kursu dinləyicilərinə sertifikatlar, “Toxuculuq” dərnəyi üzvlərinə isə tərifnamələrin təqdimat mərasimi keçirilib. Rayon İcra Hakimiyyətinin təmsilçisi Möhlüd Hacıxanov yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb.
 
Heydər Əliyev Mərkəzinin direktoru, əməkdar müəllim Tənzilə Şıxıyeva dövlətimizin gələcəyinin bugünkü istedadlı, bacarqılı, vətənpərvər gənclərdən asılı olduğunu söyləyib, kurs dinləyiciləri və dərnək üzvlərini təbrik edib.
 
Bilik Fondunun fəaliyyətindən, məram və məqsədindən danışan N.Hüseynova həyata keçirilən layihələr barədə geniş məlumat verib.
 
Sonda dinləyicilərə sertifikat və tərifnamələr təqdim edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 27.10.2018

Son xəbərlər