Ağdaş Bilik Evində Ümumdünya Uşaq Hüquqları günü qeyd edilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ağdaş Bilik Evinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 2018-ci ilin 20 oktyabr tarixindən 20 noyabr tarixinədək qeyd olunan “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
 
Heydər Əliyev Mərkəzində baş tutan tədbiri giriş sözü ilə direktor Tənzilə Şıxıyeva açaraq, ölkəmizdə uşaqlara göstərilən böyük diqqət və qayğıdan danışıb, onların azad və firavan böyüməsi üçün hər bir şəraitin yaradıldığını söyləyib.
 
Ağdaş Rayon Polis Şöbəsinin Azyaşlılarla iş üzrə inspektoru, baş leytenant Şəmşir Lətifov yeniyetmələrin hüquqlarının qorunması istiqamətində atılan addımlardan bəhs edib.
 
Sahə rəisi İsmayıl Əmirli uşaqlara pis vərdişlərdən qorunmaq, bilik və bacarıqlarını inkişaf etdirmək üçün tövsiyələrini çatdırıb.
 
Ağdaş Dövlət Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Dilarə Manafova uşaq evlərində, orta ümumtəhsil məktəblərində azyaşlıların şəxsiyyət kimi formalaşması üçün geniş imkanların olduğunu deyib. Ağdaş Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Möhlüd Hacıxanov yeniyetmələrin inkişafında Bilik Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.
 
Sonra rayonun 11 nömrəli uşaq bağçasının azyaşlılarının ifasında maraqlı kompozisiya təqdim edilib, uşaq hüquqlarına dair videoçarx nümayiş olunub.
 
Tədbirin sonunda Ağdaş Bilik Evində "Kompüter texnologiyaları və kargüzarlıq işi" təlim kursunu başa vuran dinləyicilərə sertifikatlar təqdim olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 21.11.2018

Son xəbərlər